30 May 2019 19:00
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın yeni seçilən prezidenti Vladimir Zelenski Gürcüstanın eks-prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin yenidən Ukraynaya qayıdışına şərait yaratdı, vətəndaşlığını geri qaytardı. Zelenski nədən bu addımı atdı?

Teleqraf.com xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin analitik yazısında bu suala cavab axtarılır.

Qeyd edilir ki, birincisi, V.Zelenski bu qərarı ilə keçmiş prezident Petro Poroşenko və onun tərəfdarlarına zərbə vurmuş oldu:

“Çünki Saakaşvilini Ukraynadan Petro Poroşenko qovmuş, pasportunu əlindən almışdı. Bununla Poroşenko problemdən qurtulduğunu zənn edirdi. Zelenski isə Saakaşvilini qaytarmaqla parlament seçkisi öncəsi Petro Poroşenkonun mövqelərini zəiflətməyə çalışacaq. Çünki geri qayıdan Saakaşvili hər yerdə Poroşenkonun və onun komandasının korrupsioner olduğunu gur səslə deyəcək. Zelenskiyə də elə bu lazımdır.

İkincisi, Zelenski oliqarxlardan asılı olmaq istəmir. Ancaq yeni prezidentin oliqarxları siyasətdən uzaqlaşdırması çətin olacaq. Ona bu işdə güclü müttəfiqlər lazımdır. Saakaşvili məhz belələrindəndir. Mixail Saakaşvili var gücüylə Ukraynada oliqarxik sistemin aradan qaldırılmasında Zelenskiyə kömək etməyə çalışacaq. Zelenski oliqarx Kolomoyskinin İsraildən Ukraynaya qayıdışına şərait yaratdı. Kolomoyskinin Saakaşvilidən xoşu gəlmir. Buna baxmayaraq, Zelenski Saakaşvilini də geri qaytardı ki, “Kolomoyskinin adamı” imicindən qurtulsun. Digər tərəfdən Zelenski Saakaşvili vasitəsilə daxili işlər naziri Arsen Avakovun ambisiyalarını da tənzimləyəcək. Avakovun da Kolomoyski kimi Saakaşvilidən xoşu gəlmir, hətta hökumətin iclasında onu təhqir etmişdi. Avakov Zelenskinin prezident seçilməsinə şərait yaratdı, seçki məntəqələrində saxtakarlığa şərait yaratmadı. Ancaq Zelenski bu yaxşılığına görə Avakovdan asılı olmaq istəmir.

Üçüncüsü, Saakaşvili öz sözlərinə görə Ukraynada nə deputat, nə baş nazir olmaq, nə də başqa bir rəsmi vəzifə tutmaq istəyir. Yəni onun siyasi ambisiyası yoxdur. Özü Kiyevə qayıtdıqdan sonra belə deyib: “Mən Gürcüstanın prezidenti və Odessa qubernatoru olmuşam. Bu mənə bəsdir. Mən daha vəzifə istəmirəm. Amalım sadəcə Zelenskiyə dəstək verib, Ukraynanı inkişaf edən ölkəyə çevirməkdir”. Yəni Saakaşvili rəsmi vəzifəyə iddialı deyil, islahat mərkəzi təsis edib Zelenskiyə dəstək vermək istəyir”.

Qeyd olunur ki, buna baxmayaraq, M.Saakaşvilinin lderi olduğu “Yeni Qüvvələr” Partiyası parlament seçkilərinə hazırlaşır:

“Doğrudur, bu partiyanın 5 faizlik həddi keçəcəyi hələ sual altındadır. Ancaq bu baş verərsə kim bilir bəlkə Zelenski Saakaşviliyə baş nazir vəzifəsini təklif etdi?! Zelenskinin “Xalqın Xidmətçisi” Partiyası Saakaşvilinin partiyası ilə ittifaq da qura bilər. Əlbəttə, burada başqa məqama da diqqət yetirmək lazımdır. Saakaşvili xaraktercə ipə-sapa yatmayan şəxsdir. Yəni Saakaşvili bu gün Zelenskini dəstəkləyirsə, sabah mövqeyini 180 dərəcə dəyişə də bilər. Saakaşvili-Poroşenko ittifaqı da belə dağılmışdı. Bu mənada mümkündür ki, Saakaşvili Zelenskiyə kənarda dəstəkçi kimi lazım olsun. Saakaşvili buna da razıdır”.

O da bildirilir ki, M.Saakaşvilinin Ukraynaya qaydışı iki səbəbdən Azərbaycanın da maraqlarına cavab verir:

“Birincisi, Azərbaycanda Saakaşviliyə böyük rəğbət var, Prezident İlham Əliyevlə şəxsli dostluğu mövcuddur. Bu baxımdan Saakaşvili Ukraynada Azərbaycan maraqlarının dəstəkçisi kimi də çıxış edə bilər. Erməni lobbisinin güclü olduğu Ukraynada bu cür dəstəkçiyə ehtiyacımız var. İkincisi, Saakaşvilinin Ukraynaya dönüşü Gürcüstanın indiki hakimiyyətini yaman qorxudub. Çünki Saakaşvili Gürcüstan sərhədlərinə yaxınlaşıb. Əgər Saakaşvili Ukraynada islahatların həyata keçirilməsində uğur qazanarsa onun Gürcüstandakı reytinqi artacaq və ana vətəninə geri dönüb hakimiyyət uğrunda mübarizəyə başlaması aktuallaşacaq. Bunun özü də Azərbaycanın xeyrinədir. Gürcüstanın hazırki hakimiyyəti məbəd məsələsində görə Azərbaycanla münasibətləri gərginləşdirmək yolunu seçib. Azərbaycanın dostu olan Saakaşvilinin fəallaşması Gürcüstanın indiki prezidenti Salome Zurabişvili və onun arxasındakı gücləri Azərbaycanla münasibətlərdə ehtiyatlı mövqeyə sövq etməlidir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər