Azərbaycana qarşı dağıdıcılıq missiyasını özündə ehtiva edən ssenari UEFA Avropa Liqasının final oyunu ərəfəsində yenidən işə düşmüşdü. Azərbaycan cəmiyyəti bu şər-böhtan kampaniyasının arxasında hansı qüvvələrin dayandığı və onların məqsədlərinin nədən ibarət olduğunu çox gözəl bilir. Bilir ki, anti-Azərbaycan qüvvələrin niyyəti ölkəmizin inkişafının qarşısı almaq, əldə etdiyi nailiyyətlərə kölgə salmaqdır. Onu da bilir ki, bu qüvvələr Azərbaycanda daxili qarışıqlıq, etimadsızlıq, çaxnaşma yaratmaq üçün fürsət gəzirlər. Ancaq ölkəmizi sevməyən qüvvələrin arzusu həmişə olduğu kimi bu dəfə də ürəklərində qaldı.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirib.
O qeyd edib ki, onlar bu məqsədlə ölkə daxilindəki dönüklərdən də istifadə edirlər:
“Amma onlar Azərbaycanın günü-gündən inkişaf etdiyini, dünyada nüfuzunun daha da artdığını görürlər. Təbii ki, bu uğurlar Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düzgün, uzaqgörən, müdrik xarici və daxili siyasət nəticəsində əldə edilir. Dövlət başçısı bu siyasəti yürüdərkən xalqa arxalanır. Ölkə başçısının arxasında böyük, müdrik Azərbaycan xalqı dayanır. Bu da əlbəttə, cənab prezidentə olan etimadın göstəricisidir”.
E.Məmmədov vurğulayıb ki, xalq-iqtidar birliyi nəticəsində Azərbaycan daha böyük uğurlar qazanacaq, yaxın gələcəkdə Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etməklə mühüm qələbəyə imza atacaq:
“Hər birimiz dövlət başçısı tərəfindən həyata keçirilən siyasətin uğurla nəticələnməsi üçün bundan sonra da çalışdığı, işlədiyi sahədə əlindən gələni etməliyik. Çünki bu, ölkəmizin daha da güclənməsi və çiçəklənməsi deməkdir”.