Ölkəmizin iqtisadi gücü artdıqca dövlət tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar da davamlı xarakter alır.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, ixtisasca iqtisadçı olan Azər Badamov deyib.
O qeyd edib ki, ilin əvvəlində ölkə başçısının imzaladığı sosial paket çərçivəsində 3 milyondan çox vətəndaşın gəlirləri artmışdı:
“Amma bu paketin imzalanmasından sonra qeyd olunmuşdu ki, bu, son deyil və il ərzində yeni artımların olacağının şahidi olacağıq. Artıq dünən ölkə başçısı növbəti sosial paketin icrasına dair sərəncam verib. Sərəncama uyğun olaraq, ölkədə minimum əməkhaqqının 70 manat artırılaraq 250 manata çatdırılması nəzərdə tutulur. Minimum əməkhaqqının və dövlət büdcəsindən maliyyələşən işçilərin əməkhaqlarının artırılması ilə bağlı imzalanmış növbəti sərəncamlar da ümumilikdə 2 milyondan çox insanın sosial rifahına müsbət təsir göstərəcək. Bu da hər bir ailəsinin büdcəsinin artmasıdır”.
A.Badamov qeyd edib ki, minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında ikinci yerə çıxıb:
“Ən əsası da odur ki, əhalinin pul gəlirlərinin artmasına baxmayaraq, ölkədə inflyasiya minimum həddə qalmaqdadır. Bu da əhalinin artan pul gəlirləri fonunda alıcılıq qabiliyyətinin yüksəlməsi deməkdir”.