20 İyun 2019 09:01
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti 2019-cu ili sosial rifah sahəsində xüsusi əhəmiyyətli il adlandırıb və həqiqətən bu il həyatımılza sosial müdafiə ili kimi daxil olub. İlin əvvəlindən bu yana onlarla fərman, sərəncam, qərarlara, qanunlara əlavə də dəyişikliyin şahidi olmuşuq. Bütün bunlar Azərbaycan vətəndaşlarının sosial rifah halının ciddi surətdə yaxşılaşmasına xidmət edir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev bildirib.

Onun sözlərinə görə, bu ilin I rübündə prezident tərəfindən imzalanan 20-dən çox fərman və sərəncam təxminən 2 milyon vətəndaşı həyat səviyyəsini 50 faizə qədər yüksəltdi, büdcədən 4 milyard manat əlavə vəsaitin xərclənməsinə şərait yaradıldı: “Bu, bir tərəfdən Azərbaycan dövlətinin gücünü, iqtisadiyyatının inkişafını göstərir. İkinci tərəfdən cənab Prezidentin Azərbaycan xalqının rifah halının yüksəldilməsi, sosial inkişafının daha da sürətlənməsi istiqamətində öz millətinə diqqətinin ifadəsidir. Ölkə başçısı hələ bu ilin əvvəllərində söylədi ki, bu artımlar davam edəcək, bu il sosial paketlərdə sosial müdafiənin gücləndirilməsini görəcəyik. Həmişə olduğu kimi bu dəfə də cənab Prezident öz sözünün üzərində durdu və dünən 16 istiqamətdə sərəncamlar imzaladı. Yeni sərəncamlar təxminən 2 milyon insanı əhatə edəcək. Birinci kvartal ərzindəki fərman və sərəncamda nəzərdə tutulan 4 milyard manatın üzərinə 1 milyard manat da əlavə olunacaq. Bu isə bir il ərzində dövlətin sosial müdafiəyə ayrılan vəsaiti 5 milyard manata qədər artması deməkdir ki, bu da dövlətçilik tariximizdə olmayıb. Bu mənada bu dəyişiklikləri inqilabi dəyişiklik adlandıranlar haqlıdırlar. İlham Əliyev 2018-ci ilin aprelin 11-də prezident seçiləndən sonra qarşıya qoyduğu məsələlərdən biri məhz sosial sahədə çox ciddi islahatların aparılması ilə bağlıdır. Əhalinin sosial müdafiəsinin dəfələrlə gücləndirilməsi, məşğulluğun, o cümlədən özünəməşğulluğun artırılması layihələri artıq həyata keçirilməkdədir, gələn illərdə də bu uğurların davamlılığının şahidi olacağıq”.

Minimum əmək haqqının 250 manat artırılmasına toxunan millət vəkili qeyd edib ki, minimum əmək haqqının iki dəfəyə qədər qalxması Azərbaycanın dünyada sosial inkişaf reytinqinin yüksəlməsinə gətirib çıxaracaq: “Artıq Azərbaycan minimum əmək haqqının səviyyəsinə görə Rusiya və Belarusla birgə ilk üçlükdə qərarlaşmış oldu”.

Deputat vurğulayıb ki, minimum əmək haqqının qalxması pensiyaların da qalxmasına şərait yaradır: “Cənab prezidentin təşəbbüsü ilə artıq parlamentə qanun layihəsi daxil olub. Sabah Əmək və sosial siyasət komitəsində müzakirə ediləcək, pensiyaların minimum məbləği 160 manatdan 200 manata qaldırılacaq. Demək olar ki, pensiyaçıların hamısı minimum yaşayış səviyyəsindən yuxarı təqaüd alacaqlarına görə yoxsulluq həddindən çıxacaq. Bu, Azərbaycanda yoxsulluğun minimuma endirilməsi ilə bağlı çox ciddi addım olacaq”.

İnflyasiyanın olması barədə yayılan iddialara gəlincə, Musa Quliyev hesab edir ki, inflyasiya gözlənilmir: “Dövlət qurumlarının bu sahəyə nəzarəti də güclənəcək”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər