21 İyun 2019 14:48
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əhali sülhə mərhələli həll planı işə düşəndən sonra hazırlanmalıdır. Bu olmadan Elmar Məmmədyarovun təbirincə desək, “hərbçilərin kazarmalara qayıtması” Azərbaycanın milli və təhlükəsizlik maraqlarına ziddir. Azərbaycanın müdafiə naziri Zakir Həsənov bir neçə gün əvvəl açıqlamalarında haqlı olaraq bunun tərsini deyir, işğalçıya təzyiqin artırılması vacibliyindən danışırdı. Elə Azərbaycan ordusunun hərbi təlimlərinin sayının artırılmasının məqsədi də budur”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda keçirilmiş görüş barədə danışarkən politoloq Elxan Şahinoğlu deyib.

Politoloq görüşdən sonra nazir Elmar Məmmədyarovun səsləndirdiyi fikrə diqqət çəkib: “Görüşdən sonra onun ilk cümləsi bundan ibarət olub: “Aramızda hələ də ciddi fərqlər qalır”. Elmar Məmmədyarov açıqlamasında bir neçə dəfə “fikir ayrılıqları” ifadəsini də işlədib. Azərbaycan xarici işlər nazirinin açıqlamasından o da məlum olur ki, həmsədrlər danışıqlar prosesində nəsə əlavə sənədlər təqdim ediblər. Elmar Məmmədyarov həmin sənədlərin nədən ibarət olduğunu açıqlamır, ancaq güman etmək olar ki, təkliflər atəşkəsin qorunmasının mexanizmlərinə aiddir.

Çünki son günlər cəbhə bölgəsində artan gərginlik həmsədrləri ciddi narahat edir və onların gbu gərginliyin azaldılması yollarını axtarırlar. Elmar Məmmədyarovun açıqlamasında belə bir anlaşılmaz məqam da var: “Hərbçilərin kazarmalara qayıtması sülh üçün daha yaxşı zəmin yaradacaq. Biz əhalini sülhə hazırlamalıyıq”.

Ekspertin fikrincə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Vaşinqton görüşünün yekunlarına dair birgə bəyanatı Azərbaycan XİN-nin bəyanatından və Elmar Məmmədyarovun səsləndirdiyi fikirlərdən fərqlidir:

“Məsələn, həmsədrlərin bəyanatında Elmar Məmmədyarovun vurğuladığı hansısa sənəddən söz açılmır. Əksinə, həmsədrlərin bəyanatında Azərbaycanın maraqlarına zidd məqam var. Məsələn, bəyanatda belə bir cümlə var: “Təmas xətti və beynəlxalq sərhədlər boyunca snayperlərdən istifadə və mühəndis qurğularının quraşdırılması kimi əməllərdən çəkinməyə çağırıblar”.

Biz təmas xəttində fəal olmasaq və ya snayperlərimiz işlərini görməsələr işğalçıya necə təzyiq edəcəyik? Snayperlərin geri çəkilməsi maraqlarımıza xidmət etmir. Yeri gəlmişkən, Vaşinqton görüşündən bir gün sonra Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub”.

Vaşinqton görüşündə nəticənin əldə olunmadığını deyən Elxan Şahinoğlu qeyd edib ki, yeganə nəticə 19 il aradan sonra görüşün ABŞ-da təşkil olunmasıdır:

“Ancaq bu Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşması anlamına gəlmir. Vaşinqton sadəcə bununla Rusiyaya mesaj göndərdi ki, Cənubi Qafqazda Amerikanın maraqları var. Bunun münaqişənin həllinə birbaşa təsiri olmasa da, ABŞ-ın Cənubi Qafqazda varlığını göstərməsi Azərbaycanın da maraqlarına uyğundur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər