29 İyun 2019 13:35
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sabiq prezident Robert Köçəryanın həbs edilməsi Ermənistan-Rusiya münasibətlərini daha da gərginləşdirəcək”.

Teleqraf.com-a son günlər İrəvan-Moskva əlaqələrində artan gərginlik barədə danışan politoloq Cümşüd Nuriyev belə deyib.

Ekspertin fikrincə, Rusiyanın xüsusi xidmət orqanlarının zabiti olan Köçəryanın həbsini Nikol Paşinyan hökumətinin Moskvaya olan münasibətinin real göstəricisi saymaq olar:

“Robert Köçəryan Rusiyanın Dağlıq Qarabağ siyasətini həyata keçirmək üçün Ermənistana təzyiq vasitəsi idi. Habelə o, Rusiyanın kəşfiyyat orqanlarının ən yüksək rütbəli zabitidir. Digər yandan, bu adam Ermənistanı demokratiya yolundan döndərib Rusiyaya tabe edən bir şəxs oldu. 1998-ci ildə İrəvanda parlament gülləbaran edildikdən sonra Ermənistan açıq formada Rusiyadan qorxmağa başladı, yəni bu adam bunu bacardı.

Özündən sonra yerinə Serj Sərkisyanı gətirdi, bununla da Ermənistanın ikinci prezidenti, Qarabağdakı separatçıların isə birinci başçısı oldu.

Paşinyan bunu çox gözəl dərk edir ki, Köçəryan içəridə olmasa, ciddi problemlər yaradacaq. Serj Sərkisyan isə o qədər ağıllı deyil, çünki o, santexnik səviyyəsində olan bir adamdır.

Köçəryan uzun müddət komsomola işləyib, anası da Azərbaycanda çalışıb və Azərbaycanı yaxşı tanıyır. Həmçinin onun Azərbaycana olan nifrəti də məlumdur. Buna görə də gücü çatdıqca Azərbaycana çox pislik etmək istəyir, bunu da edib.

Paşinyan isə onu aradan götürmək istəyir, əlbəttə, Paşinyan özbaşına deyil, ortada Qərbin böyük təzyiqi var. Küçədən gələn bir siyasətçi olan Paşinyan bu təzyiqin arxasında dura bilmir. Buna görə də, Qərbin məsləhətçilərinin tapşırıqlarını həyata keçirir”.

Cümşüd Nuriyevin sözlərinə görə, Robert Köçəryanın həbs edilməsi Rusiya-Ermənistan gərginliyini daha da artıracaq:

“Amma nə qədər şişirdiləsə də, Rusiya elə bir gücdə deyil ki, eyni vaxtda bir neçə respublikada siyasi planlarını həyata keçirsin. Rusiya ilk növbədə çalışacaq ki, Gürcüstan məsələsini həll etsin, burda da ermənilərdən istifadə edəcək. Hələlik Qarabağ məsələsini kənara qoyacaq, buna görə Azərbaycanı şantaj da edəcəklər ki, münaqişənin həll prosesi bir müddət təxirə düşsün. Amma Azərbaycan vəziyyətdən yararlanmalıdır.

Hesab edirəm ki, Köçəryanın həbsi yerli ermənilərlə gəlmələr – haylar və şarkavazlar arasında qarşıdurma yaradacaq, biz bundan yararlanmalıyıq. Yerli ermənilər Azərbaycandan (Qarabağdan) gəlmə erməniləri “şarkavaz”, yaxud “dönmüş” adlandırır. Buna görə də, biz bu qarışıqlıqdan yararlana bilsək, həm informasiya müharibəsi, həm də hərbi sahə baxımından yaxşı olardı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər