“İlin sonunadək Ermənistan və Rusiya silahlı qüvvələri bir neçə hərbi təlim keçirəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan deyib.
O, təlimlərdən ikisinin genişmiqyaslı olacağını bildirib.
Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Harutyunyan Ermənistan-Rusiya təlimlərinin bir müddət əvvəl Azərbaycan və Türkiyənin birgə keçirdiyi hərbi təlimlərə cavab xarakteri daşıyacağını vurğulayıb:
“Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərini gördük. Bu il iki dəfə hərbi təlim keçirdilər, xüsusən də bizim üçün çox önəmli olan Naxçıvanda. Rusiya-Ermənistan birgə hərbi təlimləri də bu aspektdən dəyərləndirilməlidir”.
Sabiq nazir Ermənistanın Rusiya tərəfindən mühafizə olunduğunu bildirərək, növbəti dəfə Ermənistanın təkbaşına hərəkət etmək gücündə olmadığını nümayiş etdirib: “Suriya Rusiya sərhədlərindən uzaqda yerləşir, amma biz Rusiyanın Suriyanı necə müdafiə etdiyini gördük. Rusiya bizim üçün də son dərəcə önəmlidir”.
Qeyd edək ki, iyun ayının əvvəllərində Azərbaycan və Türkiyənin Naxçıvanda həyata keçirdiyi birgə hərbi təlimlər hələ də Ermənistanda müzakirə mövzusudur. Təlimlərdən sonra Ermənistan rəhbərliyi birgə hərbi təlimlərin keçirilməsi ilə bağlı Rusiya tərəfi ilə danışıqlara başlamışdı.