15 İyul 2019 00:26
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Real TV-nin efirində yayımlanan “Mir Şahin vaxtı” verilişində tanınmış jurnalist Mir Şahin olduqca maraqlı məqamlara toxunub.

Teleqraf.com xəbər verir ki, Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümü ilə bağlı danışan Mir Şahin ümummilli lideri Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə və hətta Elçibəylə müqayisəsini düzgün saymayıb.

“Çünki o şəxsiyyətlərin bütün xidmətlərini nəzərə almaqla Əliyevin həm ideoloji, həm bioqrafik həcm etibarilə misilsiz olduğunu etiraf etmək lazımdır. Birinci dünya müharibəsindən sonra Rusiyanın dağılması ilə müstəqil olmaq şansı qazanmış və 23 ay sonra bu fürəsti acınacaqlı məğlubiyyətlə itirmiş Rəsulzadə də daxil olmaqla cümhuriyyətçiləri, yəni Rəsulzadə və komandasını yəqin 1991-ci ildə Sovet İttifaqınının dağılması ilə müstəqillik qazanmış və sonradan eyni acınacaqlılıqla hakimiyyəti itirmiş Mütəllibovla müqayisə etmək olar. Özü də burada Ayaz Mütəllibovun finiş vəziyyəti Məhəmməd Əmin Rəsulzadəgilinkidən daha yaxşıdır. Çünki Mütəllibov Xalq Cümhuriyyətinin yaradıcılarından fərqli olaraq dövlət müstəqilliyini yox, yalnız hakimiyyəti itirmişdi. Beləliklə, mən Məhəmməd Əmin Rəsulzadə və komandası ilə Elçibəyi və komandasını yox, məhz Ayaz Mütəllibovu və komandasını müqayisə edirəm”, - Mir Şahin qeyd edib.

“Əliyev isə öz miqyasına, həcminə, gördüyü işlərə görə yəqin ki heç bir Azərbaycan rəhbərilə müqayisə olunmamalıdır” – deyən jurnalist qeyd edib ki, Heydər Əliyev öndərdir.

“Ən yeni tarixçilərimizin nədənsə ehtiyatla üzərindən keçdiyi bir məqama da toxunum. 1988-89-cu illərdə Azərbaycanda başlanan milli oyanışda Əliyevin rolundan bəhs edək. 1988-89-cu illərdə o zamankı Lenin meydanına çıxan minlərlə insanın Moskvadan, Əliyevin əlilə idarə olunması barədə elə Mərkəzi Komitənin “Kommunist” qəzetində az yazılmırdı. Onminlərlə insanın özbaşına meydana çıxması heç bir məntiqə sığmırdı. Tribunlar, mitinq aparıcıları da etiraf edirdilər ki, meydan özü özünü idarə edir. Məncə, burada “öz” axtarışı aparsaq, araşdırmamız birmənalı şəkildə Əliyevin üzərinə aparıb çıxaracaq. Axı nə qədər ki hakimiyyətdə, Kremldə idi, Əliyevin Ermənistan SSR-in Qarabağ iddiasının qarşısını alması mümkün idi. Hakimiyyətdən gedəndən sonra isə artıq proseslərə inzibati təsir imkanları yox idi. Qalırdı Azərbaycan xalqının etiraz aksiyalarının təşkili və idarə etmək və heç olmazsa bu yolla Moskvanı ədalətli qərara vadar etmək. Mən o zaman da, yəni hələ tələbə olarkən, sonra da, elə indi də Lenin meydanında başlayan aksiyaların arxasında Əliyevin olduğuna inanmışam və bu gün də o fikirdəyəm ki, Milli Azadlıq Hərəkatının təşkil edilməsində Heydər Əliyevin rolu şəksizdir”, - Mir Şahin vurğulayıb.

Olduqca maraqlı mövzulara fərqli yöndən işıq salan Mir Şahin verilişin sonunda daha bir fakta toxunub: Kəlbəcərin işğalı günlərində bir helikopterimizin vurulmasına. 26 il sonra ilk dəfə o kadrları efirdə nümayiş etdirən Mir Şahin kadrları çəkən operator Rövşən Əmiraslanoğlu ilə müzakirə aparıb.

“Niyə axı bu xəbəri gizlədirdi hakimiyyət? Niyə bu boyda fakt bu günədək gizlin qalmalıydı? Axı bu dövlət idi? Onun helikopterini vurmuşdular... Kim vurmuşdu? Ermənilər vurmuşdusa, niyə belə bir alibidən istifadə olunmadı? Bəlkə ermənilər deyildi bunu edən və yəqin ki, ermənilər deyildi. Çünki o zaman azı biz bu xəbəri yayardıq. Axı işləyirdik. Niyə gizlətmişdilər? Niyə dövlət televiziyası belə vermədi bu xəbəri? Bəs kim idi? Belə məsuliyyətsizlik olmaz axı. Dövlət hobbi predmeti deyil. 1993-cü ildə Elçibəyin hakimiyyətdə olduğu dövrü bəzən elə kimlərinsə hobbi məşğuliyyəti kimi xatırlayıram. Elə idarə edirdilər ki, elə bil şeir yazırlar, mahnı oxuyurlar. Dövləti mitinq kimi idarə edirdilər. Ona görə də belə faciələr yaşadıq. Arxivlər açıldıqca onların nə qədər ağır miras qoyub getdiklərinin şahidi oluruq. Elə bilirsiniz ki, onlar, ya onlardan qalanlar dəyişiblər? Yox əlbəttə. Qeyri-ciddiliyin bariz nümunələri kimi ortada qalan bəylərbəyilik elementləri yenə də həmin dalğada, həmin kordinatdadır”, - Mir Şahin qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər