Düşünürəm ki, Ermənistanın bəzi yüksək vəzifəli şəxslərinin ABŞ-a səfər etməsinin arxasında bir neçə məqam var.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.
O qeyd edib ki, Zöhrab Mnatsakanyanın Vaşinqtona gedişində məqsəd “Nazirlərin dini etiqad azadlığını irəli aparması” mövzusunda xarici işlər nazirlərinin ikinci görüşündə iştirak etməkdir:
“Eyni zamanda onu ABŞ dövlət katibinin köməkçisi qəbul edib. Burada da təbii ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindən danışılıb. Belə ki, tərəflər ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən olduğunu bir daha göstərərək, problemin həll edilmə yolları ilə maraqlanıblar. Əsas məqam da bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məhz Vaşinqtonda keçirilən son görüşdən sonra həmsədrlərin verdikləri tövsiyələrə əsasən, atəşkəsə nail olmaq istiqamətində müəyyən addımlar atılır. Eyni zamanda münaqişənin həllində Rusiyanın nüfuzunu aşağı salmağa, rolunu azaltmağa çalışırlar”.
A.Nağıyevin sözlərinə görə, bundan başqa məlumdur ki, Rusiya ilə Ermənistan arasında eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi müəyyən anlaşılmazlıq var:
“Bu anlaşılmazlığın da əsas səbəbi ondan ibarətdir ki, sentyabr-oktyabr aylarında Vladimir Putin Ermənistana səfər etməldir. Bu səfərdən öncə belə bir anons veriblər ki, Köçəryan həbsdən buraxılmalıdır ki, Putin İrəvana gedəndə onunla görüşsün. Yəni, belə bir məsələ var. Lakin Paşinyan hakimiyyəti bunu etmək istəmir. Məhz bu məqamda onların ABŞ-a səfəri, eyni zamanda ABŞ Nümayəndələr Palatasında ermənipərəst konqresmenlərin maliyyə yardımına dair çıxışları, müəyyən maliyyə yardımının ayrılması artıq bəzi mətləblərdən xəbər verir. Çalışırlar ki, nəyin bahasına olursa-olsun, Ermənistanı Rusiyanın nüfuz dairəsindən çıxara bilsinlər. Bu istiqamətdə də müəyyən addımlar atılır. Eyni zamanda Paşinyan çalışır ki, məhz bu yollarla Rusiyaya qarşı olan sanksiyalardan istifadə edərək öz maliyyə mənbəyini digər istiqamətdən alsın. Bundan başqa İranın problemləri artdıqca, ABŞ-İran münasibətləri kəskinləşdikcə ən yaxın qonşu kimi necə deyərlər, yarınmaq üçün bu addımları atır. Əsas məsələlər bundan ibarətdir”.
A.Nağıyev daha sonra deyib:
“Düşünmürəm ki, bunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı mənfi təsiri olar. Lakin əsas məqam ondan ibarətdir ki, ermənilər artıq təkcə Rusiyaya deyil, eyni zamanda Qərbə yönəlmiş olurlar”.
Qeyd edək ki, Z.Mnatsakanyandan əlavə Ermənistan parlamentinin sədri Ararat Mirzoyan da ABŞ-a gedib. O Vaşinqtonla yanaşı Nyu-York və Bostonda da işgüzar görüşlər keçirib. Ermənistan baş nazirinin müavini Tiqran Avinyanın isə ABŞ səfərində məqsəd Nyu-Yorkda BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunda iştirak etməkdir.