Teleqraf.com Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə müsahibəni təqdim edir.
- Sülhəddin bəy, Türkiyənin Rusiyadan S-400 kompleksi alması hazırda Vaşinqton-Ankara arasında ciddi gərginliyə səbəb olub. Bu gərginlik hansı mərhələyə qədər inkişaf edə bilər?
- Əslində, Türkiyənin Rusiyadan aldığı S-400 komplekslərinə sadəcə silah ticarəti kimi baxmaq yanlış olardı. S-400 strateji silah kompleksidir və bunu alarkən strateji qərar verilib. Deməli, bunun Türkiyəyə strateji və siyasi təsirləri də olacaq.
Odur ki, bu məsələyə yeni dünya nizami ilə bağlı proses kimi yanaşmaq lazımdır. Hazırda dünya yeni dünya nizamının qurulması mərhələsi kimi ağır sürəcə daxil olub. “Soyuq Müharibə” başa çatdıqdan sonra ABŞ düşünürdü ki, qarşı qütb dağıldığı üçün asanlıqla Vaşinqtondan idarə edilən birqütblü dünya nizami qura biləcək. Amma bir müddətdən sonra Rusiya özünə gəlməyə başladı, Putinin 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransındakı çıxışı ilə Moskva ortaya iddia qoymağa başladı. Ardınca, 2008-ci ildə Gürcüstana təcavüz, 2014-cü ildə Ukraynaya hücum, Krımın ilhaqı baş verdi. Nəhayət, Suriya böhranı, Rusiyanın Aralıq dənizinə enməsi müşahidə olundu. Bununla paralel olaraq Çinin inkişafı və güclənməsi prosesi müşahidə edildi. Çin hərbi qüdrətini sürətlə artırdı. Bundan sonra çoxqütblü dünya haqqında daha yüksək səslə danışılmağa başlandı.
Beləcə ABŞ-ın təkqütblü dünya siyasəti müqavimətlə rastlaşdı və çətin vəziyyətə düşdü. Bu baxımdan Türkiyə kimi strateji əhəmiyyəti yüksək olan dövlətlərin önəmi daha da artdı. Rusiya və Çinin güclənməsi ilə paralel Türkiyə dərin dövləti də 2015-ci il uğursuz dövlət çevrilişinə cəhddən sonra ortaya iddia qoymağa başladı.
Bu qlobal olmasa da, regional iddiadır. Türkiyənin bu davranışı isə ABŞ və müttəfiqlərinin Yaxın Şərq planları ilə ziddiyyət təşkil etdi. Bu ziddiyyət əslində 2015-ci ildə açıq forma aldı və bu günə qədər gəldi. İndi Türkiyə-ABŞ və Rusiya-Türkiyə arasında yaranan münasibətlər əslində qlobal və regional strateji inkişafın nəticəsidir. Bundan sonrakı proseslərin inkişafı Türkiyənin hansı istiqamətdə dərinə gedəcəyini göstərəcək.
Odur ki, indi bir tərəfdən Rusiya əlini ovuşdurur ki, S-400-ləri Türkiyəyə satmaqla NATO daxilində ciddi ziddiyyətə yol aça bilib, digər tərəfdən ABŞ və NATO-dakı müttəfiqləri Türkiyəni hərbi alyansda necə saxlamaq haqqında düşünürlər. Üstəlik Türkiyənin müstəqil davranma niyyəti var. Bu üç faktor və onların qarşılıqlı təsiri gələcək münasibətlərin istiqamətini göstərəcək.
- Türkiyənin NATO-dan çıxarılması, ABŞ-la müttəfiqliyə son verilməsi ehtimalı nə dərəcədədir?
- Artıq bu haqda danışılmağa başlanıb. Amma NATO-dan çıxarılmaya dair Vaşinqton müqaviləsində hər hansı bir müddəa yoxdur. NATO-da qərarlar isə konsensusla verilir, yəni bütün tərəflərin razılığı əsasında. İndiki halda hüquqi baxımdan Türkiyənin NATO-dan çıxarılması mümkün deyil. Türkiyənin özündə baş verən prosesləri diqqətlə izləyirəm. Orada Türkiyənin NATO-dan çıxması haqda hər hansı bir fikir yoxdur. Əksinə, türk siyasi elitası, ekspert qrupu Türkiyənin NATO-da qalmasının tərəfindədir. Ən azından hələlik. Türk hərbi sənayesi özünü lazımi inkişaf həddinə çatdırana qədər.
-Türkiyə F-35 proqramından kənarlaşdırıldı və açıq deyildi ki, Ankaraya F-35 model müasir qırıcılar satılmayacaq. İndi bəzi ekspertlər deyir ki, bunun əvəzinə Türkiyə Rusiyadan SU-57 model təyyarələr ala bilər. Bunu mümkün hesab edirsinizmi?
- Hələlik Rusiya SU-57-ləri istəsə belə sata, Türkiyə isə arzulasa da, ala bilməz. Çünki bu model təyyarələr hələlik kommersiya məhsulu deyil, test mərhələsindədir. İndi söhbət konkret olaraq Türkiyəyə SU-35 model təyyarələrin satıla biləcəyindən gedir. Rusiya bununla bağlı açıq mesajını verib. Unutmayaq ki, bunda Kremlin siyasi və hərbi strateji maraqları var. Nəzərə alınmalıdır ki, silah bazarı dünyada rəqabətin ən kəskin olduğu bazardır. Təsəvvür edin görün ki, S-400 kompleksinin bir NATO ölkəsinə satıldıqdan sonra Rusiya hərbi sənayesinin prestiji dünyada nə qədər qalxacaq.
Düzdür, artıq Çin S-400 komplekslərindən alıb, Hindistan almaq istəyir. Türkiyə isə faktiki alıb. Bu ölkələrin S-400 komplekslərinə üstünlük verməsi, sözsüz ki, rus hərbi-texnikasının satış bazarının genişlənməsinə əlverişli şərait yaradır. Bu baxımdan ruslar belə təyyarələri və kompleksləri Türkiyəyə satmaqda maraqlıdır, ABŞ və müttəfiqləri isə bu durumdan narahatçılıq keçirir. Türkiyə, Hindistan kimi silah bazarında möhkəmələmək sadə məsələ deyil. Hansı ki, ruslar belə zəngin bazarlarda mövqelərini gücləndirməyə çalışır. Sözsüz ki, ABŞ-da bu bazarları itirməklə heç cür barışa bilməz.
-İndi Türkiyəyə təzyiqlər yalnız S-400 kompleksləri ilə bağlı deyil. Hazırda Avropa Birliyi Türkiyənin şərqi Aralıq dənizində qaz-neft axtarışına görə sanksiyalar tətbiq edib. Sanki Türkiyənin üzərinə kompleks təzyiqlər prosesi müşahidə edilir. Ankara bu durumdan çıxa biləcəkmi?
- Türkiyə Qurtuluş savaşına könül verən və qalib gələn bir dövlətdir, türk xalqı da qəhrəman millətdir. Sözsüz ki, Türkiyə bu vəziyyətdən çıxacaq. Amma şübhəsiz ki, ağır və çətin proseslər də yaşanacaq. Əslində baş verən proseslər 2001-ci ilin 11 sentyabrında Nyu-Yorka olan terror hücumunun məntiqi davamıdır. Bundan sonra Böyük və Orta Şərq proqramı ortaya çıxdı. Sabiq ABŞ dövlət katibi Kondaliza Rays açıq dedi ki, burada əsas məqsəd 22 region dövlətini parçalamaqdır. Bu dövlətlərdən biri kimi Türkiyə nəzərdə tutulub. Burada söhbət Türkiyə, Suriya, İraq və İranın parçalanmasından, əvəzində “Böyük Kürdüstan”ın yaranmasından gedir. Layihənin mahiyyəti bundan ibarətdir.
Hesab edirəm ki, mübarizə uzun çəkəcək. Bunun uzun bir tarixi də var. Nə ABŞ, nə də onun müttəfiqləri bu plandan asanlıqla imtina etməyəcək. Odur ki, yeni dünya düzəni tam formalaşana qədər bu proses davam edəcək. Və ya elə kritik situasiya yarana bilər ki, Türkiyə, İsrail və ABŞ öz seçimini etməli olar. Başqa sözlə, anlaşma nöqtəsi tapıla, ABŞ Kürdüstan sevdasından vaz keçməli olar. Ya da qarşıdurma dərinləşəcək. Bu halda biz daha böyük ittifaq və koalisiyaların yaranmasını şahidi olacağıq. Odur ki, tərəflər seçim etməli olacaq. Bu mənada Aralıq dənizində qaz-neft axtarışına görə də Türkiyəyə qarşı təzyiqlər təsadüfi deyil.
- Rusiya və Çin kimi potensial rəqibləri olan ABŞ Türkiyədən asanlıqla vaz keçəcəkmi?
- ABŞ və yaxın müttəfiqlərinin, konkret İsrail, Böyük Britaniya, Səudiyyə Ərəbistanı və Misir kimi dövlətlərin əsas istəyi Ərdoğansız bir Türkiyədir. Onlar AKP-siz və Ərdoğanız bir Türkiyəni arzu edirlər. Yəni harada göstərirlərsə orada duran bir Türkiyə istəyirlər. Odur ki, Türkiyədə siyasi mühəndislik institutu vacib məsələdir. Ərdoğansız bir Türkiyə arzulayan qüvvələrin Türkiyəyə iqtisadi, siyasi təzyiqləri güclənəcək. Bu yolla çalışacaqlar ki, Ədalət və İnkişaf Partiyasını zəiflətsinlər. Habelə hakim partiya daxilində yeni partiya qurulması haqda fikirlər, keçmiş dövlət xadimlərinin yeni təşkilat qruması AKP və Ərdoğanın zəifləməsində müəyyən qədər rol oynaya bilər.