Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında 22 iyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycanda çoxsaylı mətbuat vasitələri mövcuddur:
“Ölkəmizdə qəzetlər, agentliklər, digər media orqanları fəaliyyət göstərir. Hazırda cəmiyyətin informasiya ilə təmin olunmasında yeni informasiya vasitələri – sosial şəbəkələr meydana çıxıb ki, onlar da cəmiyyətin informasiya təminatında vacib rol oynayırlar. Vaxtilə yalnız qəzetlər vasitəsilə təmin olunan söz azadllığı hazırda daha geniş məzmun kəsb etməyə başlayıb ki, bu da həddən artıq operativlikdə mühüm rol oynayır. Hazırda informasiyanın vaxtında çatdırılmasında heç bir çətinlik yoxdur. İstənilən insan hazırda informasiya daşıyıcısna çevrilib. Dünyanın istənilən yerində baş verən informasiyanı bir neçə dəqiqə ərzində bütün dünyaya çatdırmaq mümknüdür. Bu, müsbət cəhətlərdir və bunu qeyd etmək lazımdır. Ancaq bu, eyni zamanda məsuliyyət məsələsini artırır. Bir halda ki, infromasiyanın yayılmasında istənilən şəxs iştirak edir, bu zaman məsuliyyət məsələsi də önə çıxır. Beləliklə, doğru məlumatı operativ yaymaqla yanaşı qeyri-düzgün məlumatların yayılması imkanları da artır. İnsanların şəxsi həyatına müxadilə imkanları genişlənir. Bu bir tərəfdən cəmiyyətə informasiyanın operativ çatdırılmasın mühüm rol oynayırsa, digər tərəfdən qeyri-düzgün məlumat yayılması imkanlarını da artırır”.
Əli Əhmədov qeyd edib ki, Azərbaycan cəmiyyətində də müsbət cəhətlərlə yanaşı mənfi meyillər meydana çıxır:
“Ayrı-ayrı insanların şəxsi həyatına müdaxilələr olur, onlar mənəvi terrora məruz qoyulurlar. Yəqin ki, bunun mənfi tərəfləri də zamanla aradan qalxacaq. Ancaq bizim bugünkü söhbətimizin əsas mövzusu bu deyil. Söhbətimizin əsas mövzusu odur ki, Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunub. Azərbaycan cəmiyyəti inkişaf edir, təkmilləşir. Bu komponentlər içərisində Azərbaycanın inkişafı bütün cəmiyyətin gözünün qarşısında olduğu kimi mətbuatın da obyektivindən kənarda deyil. İnsanların həyat səviyyəsinin yüksəldilməsi üçün addımlar atılır. Minimum əməkhaqı və minimum pensiyalar bu il ərzində 2 dəfə artırılıb. Bu, çox ciddi və eyni zamanda cəsarətli addımdır. Çünki bu, birdəfəlik ödəniş deyil, hər ay bu vəsait ödənilməlidir. Bu, büdcəyə böyük təzyiq deməkdir. Belə ki, büdcə xərcləri artırılmalıdır. Azərbaycan hökuməti bunun üçün ciddi baza yaradıb. Həyatımızın bütün sahələrində, o cümlədən məhkəmə sistemində islahatlar aparılır. İqtisadiyyatın diversifikasiyası davam etdirilir”.
Əli Əhmədov bildriib ki, sabitlik Azərbaycanın ən böyük nemətidir:
“Xüsusilə bir sıra ölkələrdə müşahidə olunan qeyri-sabitlik fonunda Azərbaycanda hökm sürən sabitlik mühüm əhəmiyyət daşıyır. Bu, iqtisadiyyatın inkişafı üçün də mühüm şərtdir. Bunun dəfələrlə şahidi olmuşuq ki, sabitlik olmayan yerdə iqtisadi inkişafdan danışmaq mümkün deyil. İnsanlarımız gələcəyə böyük ümidlə baxırlar. İnsanlar öz həyatları, övladlarının həyatı üçün nigarançılıq keçirmirlər. Hansısa gözlənilməz hallar mövcud deyil. İnsanlar öz övladlarının gələcəyi üçün planlar qururlar. Bütün bunlar hamısı böyük üstünlüklərdir”.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycan öz resurslarından istifadə etməklə beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirir:
“Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Mətbuat nümayəndələri olaraq, siz bunu yaxşı bilirsiniz. Çünki bu tədbirlərin cəmiyyətə çatdırılmasında yaxından iştirak edirsiniz. Beləliklə, gənc, müstəqil Azərbaycan dünya üçün maraq kəsb edən bir ölkəyə çevrilib”.
Bununla belə, Əli Əhmədov təəssüf hissi ilə bildirib ki, Azərbaycanı dünyaya başqa cür təqdim etmək istəyənlər də var:
“Bu, çox təəssüf doğurur. Yəqin ki, bu, müəyyən qədər də təbiidir. Bu qədər inkişaf edən, rəqabət qabiliyyəti artan ölkəyə qarşı informasiya müharibəsinin aparılması anlaşılandır. Amma bizi təəccübləndirən odur ki, bu prosesdə az sayda da olsa, Azərbaycan vətəndaşları iştirak edirlər. Bizi narahat edən odur ki, ayrı-ayrı şəxslərin mövqeyi Azərbaycan cəmiyyətinin mövqeyi kimi təqdim edilir. Hesab edirəm ki, informasiya qurumları, jurnalistlərin bu informasiya müharibəsində iştirakı çox vacibdir”.
Baş nazirin müavini əlavə edib ki, bugünkü Azərbaycanı ciddi əsaslarla tənqid etmək çox çətindir:
“Azərbaycan sözün yaxşı mənasında qibtə yaradır. Ona görə də ölkəmizə əsassız hücumlar olur. Biz bunun qarşısını almalıyıq. Bunun qarşısına Azərbaycan reallıqları fonunda faktlar qoymalıyıq”.
Əli Əhmədov onu da bildirib ki, YAP media ilə geniş əməkdaşlıq edir. Tədbirin sonunda bir qrup media orqanı əməkdaşı YAP tərəfindən mükafatlandırılıb.