Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin Rusiyaya səfəri ilə bağlı məqamları nəzərdən keçirdikdə onun səfərə yox, siyasi mühacirətə, sığınacağa getdiyini daha çox ehtimal etmək olar. Bu sığınacaq haqqında razılaşma çox güman ki, yüksək səviyyədə razılaşdırılıb. Görünür, Qırğızıstanın indiki hakimiyyəti ilə Rusiyanın müəyyən dairələri arasında qapalı, yaxud pərdəarxası razılaşma olub. Yəni, Atambayevə imkan versinlər ki, o, Qırğızıstandan çıxsın.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
O öz fikirlərini bununla əsaslandırıb ki, barəsində ağır cinayət işi açılan insanla bağlı bu cür hərəkət göstərir ki, burada siyasət var:
“Çünki normal halda bu insanı ümumiyyətlə, ölkədən buraxmazdılar. Bununla bağlı hansısa xüsusi qərar olardı. Atambayevlə bağlı hansısa hüquqi qərarın olmaması da yəqin ki, siyasi səbəblərlə bağlıdır. Bundan əlavə normal vəziyyətdə Atambayev Moskvaya adi reyslə gedə bilərdi. Rusiyanın hərbi bazasından xüsusi təyyarə ilə uçmazdı. Bu da işarə edir ki, burada siyasi razılaşmalar var. İndi nə Rusiya, nə də Qırğızıstan tərəfdən heç kim bunu boynuna almaz”.
İ.Vəlizadənin sözlərinə görə, digər tərəfdən təcrübə göstərir ki, Qırğızıstanın əмvəlki prezidentləri Əsgər Akayev və Kurmanbek Bakıyev də təxminən bu üsullarla Moskvaya, yaxud Minskə uçublar. Bu onu göstərir ki, səfər heç də Atambayevin öz xoşu ilə baş tutmayıb. Atambayev məcburiyyət qarşısında ölkəni tərk edib”.
Bununla belə İ.Vəlizadə qeyd edib ki, əlbəttə, bu, ehtimaldır:
“Açıqlamalarda qeyd olunur ki, Atambayev Moskvaya bir neçə günlük gedib. Gözləyək, əgər o, bir neçə gündən sonra qayıtmasa, o zaman demək, bu ehtimallar özünü doğruldacaq. Amma mən düşünürəm ki, Atambayev ölkəyə qayıtsa, onun barəsində dərhal sərt tədbirlər görülə bilər. Çünki indi onunla bağlı cinayət işi gedir. Yeni faktlar üzə çıxır. Bu faktlar tələb edir ki, onun ya ölkədən kənara çıxması məhdudlaşdırılmalı, ya da ümumiyyətlə, cəzaçəkmə müəssisəsinə cəlbi üçün şərait yaradılmalıdır. Çünki normalda bu cür cinayət işlərində adı hallanan, yaxud ittiham olunan insanlar ya ev dustaqlığında, ya da cəzaçəkmə müəssisələrində saxlanılırlar. Yəni, onlar istədikləri kimi hərəkət edə bilməzlər. Hətta, yaşadıqlarə yeri tərk edə bilməzlər”.
Qeyd edək ki, Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev iyulun 24-də Rusiyanın bu ölkənin Kant şəhərindəki aviabazasından xüsusi təyyarə ilə Moskvaya uçub.