26 İyul 2019 09:05
1 838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Qarabağ danışıqlarında inkişaf yoxdur və zənnimcə, buna səbəb Ermənistanın daxilində mövcud olan vəziyyətdir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Asim Mollazadə son dəfə ABŞ-da baş tutan Qarabağ danışıqlarından sonrakı dövrdə yaranan passivliyin səbəbləri haqqında danışarkən deyib.

Asim Mollazadə bildirib ki, son dövrlər Ermənistanda vəziyyət həddən artıq gərgindir. Keçmiş cinayətkar hakimiyyətin “Qarabağ kartı” ilə oynamaq və revanş götürmək niyyətində olduğuna diqqət çəkən müsahibimiz əlavə edib ki, Dağlıq Qarabağı nəzarətdə saxlayan bu cinayətkar qrup əslində vəziyyətlə əlaqədar beynəlxalq ictimaiyyəti şantaj edir: “Onların arxasında duran qüvvələr bu prosesdə irəliləyiş əldə olunmasını arzu etmədikləri üçün biz sadəcə, Ermənistan tərəfinin boş bəyanatlarını görürük”.

Mollazadənin gümanlarına görə, indiki yeni erməni hakimiyyəti Ermənistanda və işğal edilən Azərbaycan ərazilərində nəzarəti tam əlində saxlaya bilmir: “Məhz bu səbəbdən də onların danışıqlarda addım atmaq imkanları yoxdur”.

Müsahibimiz hesab edir ki, bu prosesin sonunun həm də Ermənistan dövlətinin sonu ilə yekunlaşması ehtimalı var: “Çünki bu proses çox uzana bilməz və Ermənistan irəliyə ciddi addımlar atmalıdır. Beynəlxalq hüquq normalarına uyğun addımlardan biri onların ilk növbədə Azərbaycanın işğal edilən ərazilərindən öz qoşunlarını çıxarmalarıdır. Bu, sülhə gedən yoldur. Digər bəhanələrlə onlar bu məcburiyyətdən qaça bilməyəcək. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərindən ordusunu çəkməlidir. Yalnız bu halda ciddi sülh imkanları yaranacaq”.

A.Mollazadə Qarabağdakı separatçı liderləri nəzərdə tutaraq deyib ki, əslində onlar milyardları Azərbaycanın xalqının qanını tökməklə qazanıblar: “Bu qüvvələr eyni zamanda erməni qanını da töküblər. Bu qüvvələr bilirlər ki, sülhün əldə edilməsi onların cəzası və sonunu gətirə bilər. Məhz bu səbəbdən də müqavimət göstərirlər. Bu qüvvələrin arxasında kimlərin durduğu da bəllidir”.


Müəllif: Cavad

Oxşar xəbərlər