1 Avqust 2019 16:20
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin 6 ayı ərzində Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı keçirdiyi müşavirə bu ilin əvvəlindən görülən işlərə yekun vurdu. Hesab edirəm ki, 2019-cu il sosial müdafiə sahəsində tariximizin ən uğurlu illərindən biri olacaq.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

Millət vəkili ilin əvvəlində prezidentin 2019-cui ili sosial müdafiə sahəsində xüsusi il elan etdiyini xatırladıb: “Doğrudan da bu il müstəqilliyimiz ərzində sosial təminatların həyata keçirilməsi, fərman və sərəncamların verilməsi, əhalinin sosial müdafiəsinin əsaslı surətdə yaxşılaşması ilə xarakterizə olunur.

Cənab prezident bu ilin təkcə 6 ayı ərzində sosial müdafiə tədbirlərinin gücləndirilməsi ilə əlaqədar 40-a yaxın fərman və sərəncam verib. Bunun nəticəsində 4 milyon 200 minə yaxın insanın həyat şəraiti yaxşılaşıb və yaxşılaşmaqda davam edəcək. Pensiyalar il ərzində təxminən 70 faiz, minimum əmək haqqı iki dəfə artırıldı. Pensiyaların alıcılıq qabiliyyətinə görə MDB məkanında birinci yerə çıxmışıq, minimum əmək haqqının alıcılıq qabiliyyətinə əsasən isə ikinci yerdə qərarlaşmışıq.

Bu, bizim müstəqillik dövründə sosial sahədə əldə etdiyimiz ən böyük uğur və göstəricilərdən biridir. Cənab prezident təkcə maaş, pensiyaların artırılması deyil, kompleks şəkildə əhalinin sosial-rifah halının yüksəldilməsi ilə əlaqədar tədbirlər gördü və bu tədbirlərin önəmi dünənki müşavirədə bir daha vurğulandı”.

Musa Quliyev ölkə başçısının özünəməşğulluq proqramlarına toxunduğunu diqqətə çatdıraraq qeyd edib ki, bu proqramlar daha da genişləndiriləcək: “Ötən il bu proqramlar çərçivəsində 6 mindən çox aztəminatlı vətəndaşlarımız yararlandı, 6 mindən çox ailə təsərrüfatı yaradıldı, bu da xüsusən kənd yerlərində yaşayan vətəndaşlarımızın yoxsulluq vəziyyətindən çıxması, sosial rifah hallarını təmin etmək üçün dövlət dəstəyindən istifadə edərək kiçik bizneslərinin yaradılması ilə müşahidə olundu.

Bu il isə bu rəqəmin daha 7 min artırılması planlaşdırılmışdı, müşavirədə cənab prezident bunun daha da artırılmasının zəruriliyini vurğuladı və 10 minə yaxın ailə sosial dəstəkdən yararlanacaq”.

Deputat bildirib ki, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) 100-dən çox sosial təminat xarakterli xidmətləri özündə birləşdirir və vətəndaşların məmnunluq əmsalı təxminən 95 faizdən yüksək olub: “DOST mərkəzi bu ilin mayında açılsa da, qısa müddətdə həm vətəndaşların müraciətlərinin sayı artırılıb, həm də məmnunluq indeksi yüksəkdir.

Bu il bu praktika davam edəcək, il ərzində və gələn ilin birinci rübündə Bakıda daha 3 DOST mərkəzinin açılması vətəndaşlarımıza göstərilən sosial xidmətin həm keyfiyyətinin yüksəldilməsinə, həm vaxt itkisinin aradan qaldırılmasına, həm də bürokratik əngəllərin minimuma endirilməsinə gətirib çıxaracaq”.

Musa Quliyev vurğulayıb ki, eyni zamanda vətəndaşların mənzil məişət şəraitinin yaxşılaşdırılması, aztəminatlı insanların, xüsusən Qarabağ əlilləri, şəhid ailələri, məcburi köçkünlərin sosial şəraitinin yüksəldilməsi, işlə təmin olunmasına xüsusi önəm verilib.

Deputatın sözlərinə görə, qeyri-neft sektorundakı artım da hər kəsi sevindirir: “Qeyri-neft ixracımızın 15 faiz artması Azərbaycan prezidentinin iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin uğurlu nəticələridir.

Təxminən 2014-cü ildən başlayaraq bu siyasət yürüdülüb, milli iqtisadiyyatımızın müxtəlif istiqamətlər üzrə strateji yol xəritələrinin icrası da bu işə təkan verir, bu il istər kənd təsərrüfatı, istərsə də turizm sektorunda olduqca yüksək nəticələr əldə etmək imkanlarımız yaranıb. Cənab prezident nöqsanların da olduğunu vurğuladı və qeyd elədi ki, bunlar subyektiv xarakterlidir və aradan qaldırılması üçün tədbirlər görülməlidir. Bütövlükdə ilin 6 ayı müsbət xarakterizə olunur və uğurla başa çatması üçün yaxşı start hesab etmək olar”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər