Sosial-iqtisadi sahədə Azərbaycan Prezidenti və onun komandasının həyata keçirdiyi siyasət artıq bir neçə ildir ki, sistemli fəaliyyət kimi özünü göstərməkdədir. Bu sistemli fəaliyyət əvvəlcə ölkənin iqtisadi sektorunu neftdən sonrakı dövrün tələblərinə uyğunlaşdırmaqdan, qeyri-neft sektorunun inkişaf modellərini yaratmaqdan, qeyri-neft sektorunun ixrac potensialını gücləndirməkdən, ölkə iqtisadiyyatını diversifikasiya etdirməkdən, ölkənin enerji ixracından gələn gəlirlərini iqtisadiyyatın digər sahələrinə tam və səmərəli şəkildə yönəltməkdən, bu bazanın üzərində ölkə iqtisadiyyatının inkişafını dinamik artım relslərinin üzərinə keçirməkdən və bunların nəticəsi olaraq sosial sahədə müəyyən addımların atılmasını təmin etməkdən ibarətdir.
Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi analitik Aydın Quliyev bildirib.
O qeyd edib ki, biz son bir ildə Prezident İlham Əliyevin həyata keçirdiyi addımları – əvvəlcə iqtisadi sektorun dirçəldilməsini, islahatların həyata keçirilməsini və dinamik artan iqtisadi modelin yaradılması üzərində sosial müdafiə və sosial dəstək mexanizmlərinin həyata keçirilməsinin bariz nümunəsi kimi görürük:
“Ölkə iqtisadiyyatı inkişaf etməsə, ölkənin valyuta ehtiyatları artmasa, ölkə daxilində maliyyə-iqtisadi sabitliyə nail olunmasa bu qədər qısa fasilələrlə davamlı və mərhələli şəkildə sosial sahədə belə böyük addımların atılması təbii ki, mümkünsüz olardı. Nəzər yetirsək görərik ki, son bir ildə ölkədə əhalinin bütün həssas sosial qruplarını əhatə edən islahatlar həyata keçirilir. Xüsusilə son bir ildə 5 milyondan artıq insanın yaşayışına birbaşa təsir göstərən sosial müdafiə xarakterli addımlar atılıb. Tələbələr, müharibə veteranları, təqaüdçülər, əhalinin digər zümrələri Azərbaycan dövlətinin iqtisadi inkişafının nəticələrindən birbaşa bəhrə görməyə başlayıblar”.
Aydın Quliyev qeyd edib ki, bu gün Azərbaycanda sosial islahatlar ölkənin iqtisadi inkişaf templərinə tamamilə uyğunlaşdırılıb:
“Həm də maraqlıdır ki, ölkə iqtisadiyyatının inkişafına dönməz xarakter verildiyi kimi sosial sahədə də müəyyən addımların atılması artıq dönməz xarakter alıb. Bu həm də onun ifadəsidir ki, ölkə prezidenti və onun komandası iqtisadi sahədə inkişafın o qədər sabit və dinamik artım templəri üzərində olduğuna inanır ki, buna uyğun olaraq sosial sahədə də islahat addımlarının atılmasını artıq fasiləsiz və dinamik artan tədbirlərə, sistemə çevirib. Yəni, kimsə narahat olmasın və bu əslində gözlənilmir də ki, müəyyən müddətdən sonra Azərbaycan iqtisadiyyatında hansısa geriləmə, zəifləmə, yaxud yerində sayma ola, və buna görə sosial sahədə də məntiqi olaraq həyata keçirilən addımlara fasilə verilə bilər. Belə bir narahatlıq, belə bir nigaranlıq yoxdur. Çünki iqtisadi artımın dinamikliyi təmin olunduğu kimi buna uyğun olaraq sosial siyasət, sosial müdafiə siyasətinin də dinamikliyi artıq təmin olunub və həyata keçirilir”.