“Baş nazir Nikol Paşinyanın Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarına səfəri zamanı Xankəndində keçirilən aksiyada səsləndirdiyi fikirlər bir neçə gündür ki, ölkə KİV-də müzakirə olunur. Medianın əsas diqqəti Paşinyanın Azərbaycanın işğal altındakı ərazilərinin ilhaqı barədə sərsəmləmələrinə yönəltməsi də təbii qəbul olunmalıdır. Çünki bizim üçün prioritet məsələ ərazilərimizin erməni işğalından azad edilməsidir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.
Ekspertin fikrincə, erməni baş nazirin çıxışında diqqət çəkən və bir sıra məqamların gün işığına çıxarılmasına imkan yaradan istiqamətlər də var:
“Paşinyanın Xankəndindəki çıxışının ana xəttini separatçı rejimin başına öz nümayəndəsinin gətirilməsi perspektivi təşkil edir. Erməni baş nazirin konsensusa gəlinməli olan məsələlərlə bağlı söylədikləri də bunu sübuta yetirir. Məsələn, Paşinyan hesab edir ki, daxili proseslərdə güc amilindən imtina edilməlidir. Bu separatçı ərazidə keçirilməsi nəzərdə tutulan qondarma seçkilərdə sabiq prezidentlər - Köçəryan və Sərkisyana məxsus hərbi qruplaşmaların silahlı müqavimət göstərə biləcəkləri ehtimalından doğan narahatlığın ifadəsi kimi də qəbul oluna bilər.
Çünki Nikol qondarma seçkilərin məhz onun nəzarəti altında keçirilməsini istəyir. Bu amil baş nazirin çıxışında da öz əksini tapıb.
Paşinyan deyir ki, “Ermənistan öz növbəsində “Qarabağ xalqı”nın öz azad iradəsini ifadə etməsinin qarantı kimi çıxış etməli, bununla “legitim hakimiyyət”in formalaşmasına zəmanət verməlidir”. Göründüyü kimi, erməni baş nazirin bu fikirlərində “seçki”lərin onun nəzarəti altında keçiriləcəyi açıq-aşkar bildirilir.
Paşinyan bu günədək separatçı bölgədə keçirilən “seçki”lərin, o cümlədən separatçıbaşı Bako Saakyanın da “legitim” olmadığını diqqətə çatdırmağı da unutmur və bununla da əslində Ermənistandakı Qarabağ klanına ultimatum verir”.
Elçin Mirzəbəyli qeyd edib ki, Paşinyanın Xankəndində keçirilən aksiyadakı çıxışında diqqət çəkən başqa bir məqam isə separatçı ərazidə keçirilməsi nəzərdə tutulan “seçki”lərə və Ermənistandakı siyasi proseslərə xarici müdaxilə ehtimalı ilə bağlıdır:
“Paşinyan deyir ki, “bizim daxili məsələlərin həllinə xarici qüvvələri cəlb etmək istəyənlər, bizim ölkəmizdə xarici maraqların təmsilçiləri kimi cıxış etməyə cəhd göstərənlər erməni xalqının ən sərt müqavinəti ilə qarşılaşmalıdırlar”. Paşinyanın bu fikirləri də onun Qarabağ klanına xaricdən, çox güman ki, Rusiyadan verilə biləcək dəstəklə bağlı qorxusudur.
Ermənistanın baş naziri əvvəlki dəstəyinin olmadığını yaxşı başa düşür və “xarici müdaxilə” amilini qabartmaqla kütlənin emosional hisslərinə toxunmaqla ilk növbədə öz müdafiəsini təşkil etmək istəyir. Onun “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” ilə bağlı fikirləri də populizmdən və kütlənin diqqətini cəlb etməkdən başqa bir şey deyil”.