3 Sentyabr 2019 19:10
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Ceyms Layl Şarp ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, nazir Elmar Məmmədyarov səfir Ceyms Layl Şarpı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Ceyms Layl Şarp etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Görüşdə ölkələrimiz arasında mövcud ikitərəfli münasibətlərin hazırkı vəziyyəti haqqında fikir mübadiləsi aparılıb. Tərəflər ölkələr arasında enerji, siyasi, iqtisadi və digər sahələrdə əldə edilmiş nailiyyətlərin məmnunluq doğurduğunu ifadə ediblər.

Ceyms Layl Şarp Azərbaycana səfir təyin edilməsindən məmnunluğunu bildirib, diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin hazırki vəziyyəti haqqında qarşı tərəfə məlumat verən nazir Elmar Məmmədyarov Ermənistan rəhbərliyinin son bəyanatlarının bölgədə gərginliyin artmasına xidmət etdiyini və danışıqlar prosesinə xələl gətirdiyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər