Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ separatçılarının Moskvaya səfərləri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin notasına cavab verib. Rusiya XİN-in bəyanatında həmişəki cümlələr təkrarlanıb – “separatçılarla heç bir rəsmi görüş keçirilməyib, özünü “Dağlıq Qarabağın Rusiyadakı daimi nümayəndəliyi” adlandıran qurum qeydiyyatdan keçməyib”, yəni guya “təmsilçilik” özbaşına fəaliyyət göstərir. Bu cümlələrdə yeni heç nə yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, bəyanatın bir başqa cümləsi diqqət çəkir:
“Bu da “Rusiya tərəfinə olan etirazların əsası yoxdur, ümumi ton isə Rusiya-Azərbaycan münasibətlərinin səviyyəsinə uyğun deyil” cümləsidir. Bu cümlə Bakıya mesajdır ki, “bizimlə sərt tonda danışmayın”. Bəs necə danışaq? Separatçıların Moskvaya səfərlərinə və keçirdikləri görüşlərə göz yummalıyıq? Separatçıların Vaşinqtondakı görüşlərinə görə Amerikaya nota veririksə, separatçıların Moskvadakı görüşlərinə görə də Rusiyaya nota verməliyik. Aralarında heç bir fərq yoxdur. Əks halda biz Azərbaycan XİN-i günahlandırarıq ki, Amerikaya sözünü deyir, separatçıların Rusiyaya səfərlərini isə görməzlikdən gəlir”.