“Kimsə İrana kənardan müdaxilə edə bilməz, amma aksiyalara siyasi dəstək veriləcək. Amerika burada birinci yerdə dayanır. Digər yandan, İranda çox sayda millətlər yaşayır, bu ölkə vahid bir orqanizm deyil. Bu faktor gərginliyin qızışdırılması üçün qığılcım ola bilər”.
“Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Artıq bir neçə gündür İranın onlarla şəhərində benzinin bahalaşmasına etiraz olaraq kütləvi nümayişlər keçirilir, dini lider və prezidentin əleyhinə ölüm şüarları səsləndirilir. Sizcə, bu nümayişlərin miqyasının böyüməsi ehtimalı varmı və bu, daxildə hansı nəticələrə yol aça bilər?
- Baş verənləri proqnozlaşdırmaq çətindir. Çünki İranda zaman-zaman belə etirazlar olur, amma budəfəki nümayişlər fərqlidir. Az qala ölkənin bütün şəhərləri benzinin bahalaşmasına etiraz olaraq ayağa qalxıb. Amma benzinin qiymətləri qalxmaya bilməzdi. İran sanksiyalara görə neftini sata bilmir, ölkə iqtisadiyyatı ağır vəziyyətdədir, hakimiyyətin sosial yükü isə çoxdur, haradansa pul tapmalıdır.
İyul ayında İrandaydım, oradakı ağır vəziyyəti özüm də müşahidə etmişəm. Orada olanda bəzi yerli ekspertlərə də bildirdim ki, qiymətlər qalxacaq, onlar isə etiraz edib dedilər ki, buna imkan verməyəcəklər. Əlbəttə, bahalaşma labüd idi, əgər ölkə sanksiyalarla üzləşibsə, əsas gəlir mənbəyi olan nefti sata bilmirsə, qiymətləri qaldırmağa məcbur idilər. İranda ən ucuz şey benzin idi, sudan ucuzdu. Artıq görürük ki, benzinin bahalaşması onlarla şəhərdə etirazlara səbəb olub.
Bu etirazların uzun və ya qısa çəkəcəyini proqnozlaşdıra bilmirəm, amma fakt budur ki, İranda iqtisadi gərginlik davam edəcək. Sosial problemləri də həll edə bilmirlər. Ölkə əhalisinin sayı 80 milyona yaxındır, yəni sosial yük çox böyükdür, kasıb ailələrə 100-105 dollar civarında yardım edilir. Əgər büdcədə pul azdırsa və kəsir yaranıbsa, bu pulu haradan tapacaqlar? Düşünürəm ki, vəziyyət bu cür davam edəcəksə, biz zaman-zaman İranda belə təlatümlərin şahidi olacağıq. Məndə olan məlumata görə, artıq etirazlarda 20 nəfər öldürülüb, polislərdən də həyatını itirənlər var.
- Düzdür, aksiyalar sosial-iqtisadi problemlərin həlli tələbi ilə davam edir, amma bunun artıq siyasi xarakter alacağını deyənlər də var.
- İndiki məqamda bu, siyasi aksiya deyil, iqtisadi-sosial xarakterli aksiyadır, amma İranda zaman-zaman siyasi etirazlar olub. Ötən il də bir çox şəhərlərdə siyasi nümayişlər keçirilmişdi. İndi isə insanlar ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına etiraz edirlər. İqtisadi problemlər həllini tapmasa, bu aksiyalar başqa forma ala bilər. İndiki məqamda isə bu iqtisadi problemlərin həll ediləcəyini düşünmürəm.
- Kənar müdaxilə ehtimalı hansı səviyyədədir? Artıq Ağ Ev bəyanat yayaraq, etirazları dəstəklədiyini elan edib.
- Kimsə İrana kənardan müdaxilə edə bilməz, amma aksiyalara siyasi dəstək veriləcək. Amerika burada birinci yerdə dayanır. Digər yandan, İranda çox sayda millətlər yaşayır, bu ölkə vahid bir orqanizm deyil. Bu faktor gərginliyin qızışdırılması üçün qığılcım ola bilər. İranı özünə rəqib hesab edən dövlətlərin bundan bir fürsət kimi istifadə etməsi mümkündür. Ola bilsin ki, İrandakı bu təlatüm Qərbin, o cümlədən Tehranı özünə rəqib sayan bir sıra ərəb dövlətlərinin maraq dairəsindədir. Amma mümkündür ki, bu təlatümün də hansı nəticələrə gətirib çıxaracağını da əvvəlcədən hesablasınlar. Çünki bura qədər İraq və Suriyada nə baş verdiyini hər kəs gördü. İran isə nə Suriya, nə də İraqa oxşayır, bu gərginliyin ağır nəticələri ola bilər. Yəni, İran sıradan bir dövlət deyil.
Əlbəttə, təlatüm davam etdikcə, bəzi dövlətlər şirniklənəcək ki, bu gərginlikdən İran rejiminə qarşı istifadə etsin. Belə hallar istisna deyil.
- Bura qədər baş verənlər də maraqlıydı: İranın nüfuzunun güclü olduğu iki ölkədə - İraq və Livanda da gərginlik yaşanır. Hər iki ölkədə Tehran əleyhinə şüarlar səsləndirilir, hətta İraqda İran konsulluğunun yandırılmasına cəhdlər oldu. Hesab etmək olarmı ki, baş verənlər həm də bölgədə İran əleyhinə gedən proseslərin tərkib hissəsidir?
- Bəli, Livan və İraqda baş verənlər müəyyən suallar yaradır. Bu ölkələrdəki etiraz aksiyalarında səsləndirilən şüarlar sosial xarakterlidir. Livanda işsizlik var, insanlar işsizliyin əleyhinə küçələrə axışıb, amma sonradan “Hizbullah“ əleyhinə şüarlar səsləndirildi ki, bu təşkilat İranın müttəfiqidir.
Eyni hal İraqda təkrarlandı, bu ölkədə də işsizlik və yoxsulluğa etiraz edən insanlar küçələrə töküldü, yüzə yaxın insan qətlə yetirildi, etirazlar hələ də davam edir. Üstəgəl, Kərbəla şəhərində İran konsulluğunun yandırılmasına cəhdlər olundu və Tehran əleyhinə şüarlar səsləndirilir. Baş verənlər sanki bu proseslərin arxasında siyasi məqsədlərin dayandığı ehtimalını yaradır. Sanki İranı bölgədən sıxışdırıb çıxarmağa, başqa dövlətlərin daxili işlərinə qarışmasının qarşısını almağa çalışırlar.
Əlbəttə, İran hökuməti benzinin qiymətini qaldıranda bilirdi ki, buna etirazlar olacaq. Sadəcə olaraq, İraq və Livanda gedən proseslərin İrana sıçrayacağı faktorundan məlum siyasi mərkəzlər İran hökumətinin həm bölgədə, həm də daxildə nüfuzunu zəiflətmək üçün istifadə edə bilər.