“Qonşu İranda çox ciddi hadisələr baş verir. Bu hadisələrin həm Azərbaycana, həm bölgəmizə böyük təsiri ola bilər. İlk baxışda bu hadisələr iqtisadi amillərlə bağlı olsa da, məncə, bu, yeganə və əsas səbəb deyil”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Azər Qasımlı deyib.
Ekspert baş verənlərə daxildəki iqtisadi amillərin təsir göstərfiyini istisna etməyib:
“Bu il ÜDM 9,5% düşüb, 1984-cü ildən bəri ən pis göstəricidir! Hesablamalara görə, İranın dövlət büdcəsini balanslaşdırmaq üçün dünya bazarında neftin qiyməti 195 dollar olmalıdır. Bu da hazırda mümkün deyil.
ABŞ sanksiyalarını da nəzərə alsaq, iqtisadi vəziyyət ya olduğu kimi ağır qalacaq, ya da daha da pisləşəcək. Hazırda etirazlara daha çox aşağı təbəqənin nümayəndələri çıxır. Lakin iqtisadi vəziyyət daha da pisləşsə, orta təbəqə də etiraz aksiyalarına qoşulacaq. Bu, baş versə, İranda siyasi sistem dəyişikliyi labüd olacaq”.
Azər Qasımlı hesab edir ki, bu gün İranda əhalinin əhəmiyyət hissəsi İran inqilabını görməyən və onu ideallaşdırmayan kəsimdir:
“Yeni nəsil özünü indiki siyasi sistemlə eyniləşdirmir və özünü bu sistemə yad bilir. Bu baxımdan, vəziyyət olduqca ciddidir. Lakin orta təbəqənin və yeni nəslin hər hansı bir təşkilatı və ya lideri yoxdur. Mövcud siyasi sistemdə belə təşkilatların açıq fəaliyyətdə olması və liderlərin üzdə olması mümkünsüzdür. Məhz ona görə Tunisdə və ya Misirdə olduğu kimi İranda da etirazlar təşkilatsız və lidersiz cərəyan edir.
Yuxarıda qeyd etdiyim amillər yetişdiyi zaman İranda siyasi dəyişikliklər baş verəcək. İndiki məqamda isə vəziyyət hələ tam pik həddinə çatmayıb”.