12 Dekabr 2019 13:07

Bu gün Yeni Azərbaycan Partiyasının qərargahında Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, mərasimdə millət vəkilləri, gənclər və media nümayəndələri iştirak edib.

Anım mərasimində çıxış edən YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, bu gün Azərbaycanın hər yerində Ümummilli lider Heydər Əliyev anılır:

“Heydər Əliyev haqqında müxtəlif kitablar yazılıb. Bundan sonra da yazılacaq. Heydər Əliyev göstərdi ki, hər bir şəraitdə vətənə xidmət göstərmək olar. İndi özünü demokrat adlandıranlar o vaxt qaçıb gizlənmişdilər. Amma Ulu öndər heç bir öhdəliyi olmadığı halda özünü qabağa verib, Azərbaycan xalqının yanında oldu.

O zamanlar milli-mənəvi dəyərlər ayaqlar altına atılmışdı. Gənclər çox dağınıq vəziyyətdə idi. Lakin Heydər Əliyev xalqı bir yerə toplaya bildi. Tək və silahsız halda Azərbaycan xalqının dəstəyi ilə ölkəyə gəldi. Azərbaycan müstəqillik əldə edəndə acınacaqlı durumda idi. Azərbaycan 15 respublika arasında müstəqilliyini elan edən 14-cü ölkə oldu. Baxın, necə çətinliklə əldə etdik müstəqilliyimizi. İndi onu dağıtmaq istəyən insanlar var”.

S.Novruzov qeyd edib ki, bu gün Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan inkişafa doğru addımlayır.


Müəllif: Teleqraf.com