12 Dekabr 2019 16:12
2 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisə seçkilərdə namizədliyimi irəli sürüb-sürməyəcəyim haqda doğrusu, fikirləşməmişəm. Açığını deyim ki, gedən prosesləri tam anlaya bilmirəm. Ona görə də böyük ehtimalla seçkilərdə namizəd olmayacağam.

Bu sözləri Teleqraf.com-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qarşıdan gələn növbədənkənar parlament seçkilərində iştirak edib-etməyəcəyi haqda suala cavabında deyib.

Tofiq Zülfüqarov əlavə edib ki, onun sahəsi xarici siyasətdir:

“Açığı, mən bilmirəm ki, Milli Məclis xarici siyasətdə hansı rol oynayır, onun bu proseslərdə iştirakı hansı səviyyədədir. Fikrimcə, Milli Məclisdə olmağım mənim bitərəf və obyektiv təhlillərimə mane olar. Bu səbəbdən də bitrəf qalmağa üstünlük verirəm. Böyük ehtimalla seçkilərdə iştirakım olmayacaq”.

Tofiq Zülfüqarov bir neçə gün əvvəl vətəndaş cəmiyyətinin tanınmış təmsilçiləri ilə görüşməsinin onun seçkilərdə iştiraka hazırlıq mərhələsi kimi başa düşülməsinin də doğru olmadığını ifadə edib: “Biz görüşdə əsasən, Azərbaycan və Ermənistan arasında olan Qarabağ konfliktinin həlli yolları, perspektivi ətrafında fikir mübadiləsi apardıq. Qərara gəldik ki, bu məsələdə cəmiyyətimizin mövqeyi güclü olmalıdır, proseslər dərindən izlənməlidir. Bu görüşün seçkilərlə hər hansı bir əlaqəsi yoxdur”.


Müəllif: Cavad