15 Yanvar 2020 20:40
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 35 saylı Xətai III seçki dairəsindən namizədliyi irəli sürülmüş Rauf Abbasov Çərkəz oğlunun müraciətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova məlumat verib.

A.Muxtarova deyib ki, Mərkəzi Seçki Komissiyasının ekspert qrupunun araşdırması nəticəsində həqiqətən də Dairə Seçki Komissiyasının qərarında aidiyyəti olmayan maddələrin sadalanması məlum olub: "Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib”.

Bu səbəbdən Mərkəzi Seçki Komissiyası namizədin qeydə alınmasından imtina edilməsiylə bağlı DSK-nın qərarını ləğv edib.

Bu mövzu ilə bağlı 35 saylı Xətai III seçki dairəsindən namizədliyi təsdiqlənən “Yeni Müsavat” Media Qrupunun təsisçisi Rauf Arifoğlu (Abbasov) musavat.com-a açıqlamasında bildirdi ki, bütün ölkə ictimaiyyəti ona qarşı seçki təxribatına şahidlik edir. Müsahibimizin sözlərinə görə, sözügedən təxribatı onun rəqibləri təşkil ediblər: “Məqsəd mənim səslərimi bölməyə və seçiciləri çaşdırmağa hesablanıb. Necə işlədiyimizi görür və narahat olurlar. Artıq dairədə 3 Abbasov, iki Rauf var - bu texnologiya, çirkli texnologiyadır. Əldə etdiyim məlumata görə, mənə dublikat kimi seçkiyə daxil edilən şəxsin imzalarının yığılmasında ciddi pozuntulara yol verilib. Hesab edirəm ki, MSK söz-söhbətdən və mənim rəqiblərimin təzyiqindən çəkinərək, bu faktları dərindən araşdırmadan qərar verib”.

R.Arifoğlu bildirdi ki, məhz bu səbəbdən adı və soyadı onunla eyni olan deputatlığa namizədin imza vərəqələrinin təkrar və diqqətlə yoxlanılmasını, bundan əvvəlki qərarın əsaslandırılmasını tələb edəcək. Müsahibimiz bildirdi ki, seçiciləri çaşdırmağa yönəlmiş bu hadisənin qarşısı alınmalıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər