19 Yanvar 2020 21:57
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Müsavat Partiyası Zaqatala rayon təşkilatının sədri, 110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizəd Saleh Soltanovun namizədliyinin qeydə alınmaması ilə bağlı müraciətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, iddiaçı yaşadığı problemlə əlaqədar Mərkəzi Seçki Komisssiyasına teleqram vurduğunu, həmçinin dəfələrlə qurumun Qaynar Xəttinə müraciət etdiyini qeyd edib.

İclasda iştirak edən Müsavatın seçki qərargahının sədri Gülağa Aslanlı söz istəyərək sözügedən dairədə bir çox qanun pozuntularının yaşandığını və MSK-nın müraciətlərə cavab vermədiyini vurğulayıb. Müzakirə əsnasında G. Aslanlı ilə MSK sədri Məzahir Pənahov arasında gərginlik yaşanıb.

Son olaraq M. Pənahov şikayətin əsassız olduğunu bildirib: “Sizin köhnə Mərkəzi Seçki Komissiyasının üzvü olduğunu nəzərə alaraq söz verdim, ancaq sizin şikayətçinin əvəzinə danışmaq hüququnuz yoxdur. Bizim də əsəbimizin həddi var. Məntiqli formada bildirilmiş bütün iradları nəzərə almağa hazırıq”.

Qanunvericiliklə müəyyən edilmiş müddətdə sənədlər təqdim edilmədiyinə görə, MSK onun müraciətini təmin etməyib və DSK-nın qərarı qüvvədə saxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər