Teleqraf.com sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müsahibəni təqdim edir:
- Tofiq bəy, Ermənistan Baş naziri Nikol Paşinyan Sərkisyanın vaxtında Azərbaycanla aparılan danışıqların detallarını açıqlayıb. Bəlli olub ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sənəddə Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulubmuş. Amma Qarabağla Ermənistan arasında dəhlizin olması da şərt kimi sazişə daxil imiş. Tərəflər ATƏT, yaxud BMT-nin bayrağı altında referendum yolu ilə Dağlıq Qarabağın yekun statusunu müəyyən etməli idi. Belə bir sənəd olubmu?
- Danışıqların hansı istiqamətdə getdiyi, hansı məsələlərin müzakirə edildiyi əslində illər əvvəl açıqlanıb. Hətta mən nazir vəzifəsindən gedəndən bir müddət sonra Milli Məclisdə Qarabağla bağlı müzakirə aparılıb. Rəhmətlik Heydər Əliyev iclas keçirdi, təkliflər müzakirə olundu. Yəni danışıqların hansı istiqamətdə getdiyi çoxdan bəllidir.
2005-2006-cı illərdə ortaya “Madrid prinsipləri” adlı sənəd çıxdı. Bunun əsasında da müxtəlif sənədlər təklif edilib. İndi Paşinyan danışıqlar prosesində müzakirə edilən məqamları açıqlayıb, amma burada yeni bir şey yoxdur. Hesab edirəm ki, Azərbaycan tərəfinin bu haqda məlumatı var. Sadəcə olaraq, bu məsələdə ermənilərin mövqeyi sanki yenilənir. Bu sənədlər müzakirə edilsə də, ermənilər daim Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsini qəbul edir, amma müxtəlif şərtlər də qoyurdular. Bu şərtlər də onunla bağlı olurdu ki, yeddi rayonun azad edilməsi müqabilində Dağlıq Qarabağın müstəqilliyi Azərbaycan tərəfindən qəbul edilsin. Təxminən bu təklif əsasında danışıqlar gedirdi və erməni tərəfinin mövqeyi belə idi. Sözsüz ki, Azərbaycan tərəfi bu mövqeni qəbul etmirdi.
- Paşinyan hansı səbəblərdən indi danışıqlar prosesində müzakirə edilən detalları açıqlayır? Məqsəd nədir?
- Hesab edirəm ki, Paşinyan bu addımı siyasi imicini təhlükədən qorumaq və danışıqlardan imtina etmək üçün atır. Hesab edirəm ki, onu tənqid edən müxalif qüvvələrə qabaqlayıcı zərbə vuraraq , onları neytrallaşdırmağa çalışır.
Azərbaycan üçün Ermənistanın mövqeyində heç bir yenilik yoxdur. Keçən ildən Ermənistan baş naziri tərəfindən mövqe ifadə edilib və danışıqların mənasızlığı Azərbaycan tərəfinə artıq bəlli idi. Lakin imitasiya prosesləri tələb edirdi ki, danışıqlar bu və ya digər şəkildə davam etdirilsin. Nəticədə imitasiya xarakterli danışıqlar davam etdirilirdi.
- Nəyə görə, “imitasiya xarakterli danışıqlar” ifadəsini işlədirsiniz?
- Məntiqə əsaslansaq, Azərbaycan dövlətinin mövqeyi ondan ibarətdir ki, ya sülh yolu, danışıqlar vasitəsi ilə Azərbaycanın torpaqları azad edilərək, ərazi bütövlüyü təmin olunur, ya da Azərbaycan birmənalı şəkildə güc tətbiq edərək , işğalçını öz torpaqlarından qovub çıxarır. İndi isə hesab edirəm ki, Azərbaycan tərəfi həmsədrlərdən bu prosesin hara getdiyini soruşmalıdır. Bu müddət ərzində erməni tərəfi danışıqları imitasiya etmək məqsədilə müzakirələrə qatılıb.
- Siz hesab edirsiniz ki, Paşinyanın ona qədər aparılan danışıqların detallarını açıqlamasının bizim üçün heç bir əhəmiyyəti yoxdur?
- Əhəmiyyəti var və həqiqət artıq göz önündədir.
İkincisi, buna qədər Paşinyan bəyanatlar verib.
Üçüncüsü, görünən odur ki, Ermənistan Azərbaycanın işğal edilən torpaqlarını geri qaytarmaq niyyəti yoxdur. Erməni tərəfi ətraf ərazilərimizi Qarabağın müstəqilliyinə dəyişmək taktikasından imtina edirlər. Yəni Azərbaycanın konstitusiyaya uyğun olaraq, ərazi bütövlüyünü təmin etməsinə danışıqlar yolu ilə çatmaq mümkün deyil. Faktiki olaraq, qarşı tərəf bunu qəbul etmir. Danışıqlar artıq öz mənasını itirir.
- Paşinyan qeyd edir ki, əgər erməni cəmiyyəti Sərkisyanın vaxtında aparılan danışıqları məqbul hesab edirsə, bunu davam etdirməyə razıdır...
- Təbii ki, ermənilər Paşinyanın bu çağırışına cavab veriblər. Bildiriblər ki, bu, onlar üçün qəbul edilən deyil.
Problem nədən ibarətdir? Sözsüz ki, daxildən Paşinyanı tənqid edirlər. Həmsədrlər deyirlər ki, danışıqları bərpa edək, yoxsa ayrı səpkidə bu problem həll edilsin? Yəni Azərbaycana nə təklif edirlər? Azərbaycan üçün mürəkkəb vəziyyət yaranıb. Biz yaranan duruma hansısa bir reaksiya verməliyik. Başqa sözlə, rəsmi Bakı eyni zamanda həmsədrlərdən nəsə soruşmalıdır. Əgər ermənilərin mövqeyi ortadadırsa, bu zaman həmsədrlər Azərbaycana nə təklif edirlər. Məsələnin mahiyyəti bundadır. Görünən də odur ki, danışıqların mənası yoxdur, çünki erməni tərəfinin son aylar tutduğu mövqe göz önündədir.
- Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatasakanyan yanvarın 29-30 da Cenevrədə görüşəcək. Bu görüşdən gözləntilər nədir?
- Görüşün nəticəsi barədə Azərbaycan tərəfi açıqlama verməlidir. O mənada ki baş nazirin verdiyi bəyanatdan sonra Ermənistan xarici işlər naziri görüşdə hansı mövqeni bəyan edəcək. Və bu mövqeyə cavab olaraq Azərbaycan addımlar atmalıdır.
Üstəlik, indi həmsədrlər də konkret mövqeni açıq şəkildə ortaya qoymalıdırlar. Həmsədrlərdən, o cümlədən Rusiyadan soruşmaq lazımdır: Ay Rusiya, sən vasitəçisən və görürsən ki, problem sülh yolu ilə həll olunmur. İndi söhbət təkcə Dağlıq Qarabağdan getmir. İşğal edilən ərazilər Dağlıq Qarabağın tərkibində olmayıb. Söhbət ondan gedir ki, Ermənistan işğalçı siyasətini həyata keçirərkən, bu vəziyyəti yaradıb. Azərbaycan tərəfi də həmsdərlərə sual etməlidir ki, qarşı tərəf torpaqları azad etməyəcək, danışıqlar mənasızdır. Ona görə də sizin onlara verdiyiniz təhlükəsizlik qarantiyası Ermənistana aiddir, yoxsa ermənilərin işğal etdiyi ərazilərə. İndi ikili cavab vermək çətindir. Bu məsələyə aid Valday görüşündə və s. tədbirlərdə proses gedib. Hazırda ortada müzakirə ediləcək məsələ qalmayıb. Azərbaycan Rusiya hökuməti ilə danışıqlar aparmalıdır. Bilinməlidir ki, danışıqlardan imtina edən tərəfin təhlükəsizliyini təmin edir, ya yox. Əgər təmin edirlərsə, deməli, ruslar açıq-aşkar işğalçını və onların işğal etdiyi əraziləri de-fakto Ermənistan ərazisi kimi qəbul edirlər.
Nəhayət, bu vəziyyətdə nazirlərin görüşündən nə gözlmək olar? Nazir olmasın, başqası olsun. Bu vəziyyətdə nə danışıqlar aparmaq olar? Məsələn, onlar deyirdilər ki, gərginliyi aradan qaldırmaq üçün gəlin təmas xəttində vəziyyəti sabit saxlayaq.Yaxşı bunu aradan götürdük. Bəyəm mövqe dəyişibmi? Dəyişən heç nə yoxdur. Ermənilərin mövqeyi dəyişməyib, əksinə, daha da radikallaşıb.
Erməni tərəfi əvvəllər bu məsələləri danışıqlar zamanı bəyan edirdilərsə, hazırda bunu ictimaiyyətin qarşısında edirlər. Odur ki, bizim görəcəyimiz çox işlər var.