31 Yanvar 2020 18:46
2 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan bu gün Rusiyanı Soçi və Astana razılaşmalarını yerinə yetirməməkdə günahlandırıb. Bildirib ki, Ankara bundan sonra İdlibə rus qırıcılarının dəstəyi və Əsəd ordusunun hücumu nəticəsində Türkiyəyə yeni qaçqın ordusunun gəlməsinə imkan verməyəcək. O, əlavə edib ki, yeni təhdidlərin Türkiyə sərhədlərinə yaxınlaşmasına seyrçi qalmayacaqlar.

Kremlin mətbuat katibi Dmitri Peskov isə elan edib ki, Rusiya Astana və Soçi razılaşmasına sadiqdir və bu anlaşmaları pozacaq addımlar atmır.

Görünən budur ki, son illər Rusiya-Türkiyə siyasətində yaxınlaşma artıq yeni çatlara səbəb olur və münasibətlərdə maraqlardan doğan ziddiyyətlər qabarıq formada üzə çıxır.

Maraqlı məqam odur ki, Ərdoğanın Moskvanı ittiham etməsi ilə paralel olaraq ABŞ-ın Avropadakı müttəfiq qoşunlarının komandanı, general Volter Ankaraya səfər edərək, İdlib məsələsində Türkiyənin yanında olduqlarını elan edib.

Bəs bundan sonra Türkiyə-Rusiya münasibətləri necə ola bilər?

Politoloq Qabil Hüseynli Teleqraf.com-a bildirib ki, hazırda Ankara-Moskva münasibətlərində kritik mərhələ yaşanır. Onun sözlərinə görə, Rusiya həmişə olduğu kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir: “İdlib ətrafında baş verənlər bilavasitə Rusiya və İranın dəstəyi ilə həyata keçirilir. Hava həmlələrini Rusiya hava qüvvələri edir. Əsədin quru qoşunları içərisində İrana bağlı “Həşdi-Şəbi” qüvvələri İdlibə hücumda yaxından iştirak edir. İdlib strateji rayondur, Suriya müxalifətinin əlində olan və ağır silahlardan təmizlənən sonuncu ərazidir.

Görünən budur: Rusiya Bəşər Əsədlə birlikdə qərar verib ki, Suriya ərazi bütövlüyünün təmin etmək zamanı yetişib. Odur ki, Astanada və Soçidə imzalanan Rusiya-Türkiyə razılaşması ayaqlar altına atılır. Üstəlik Türkiyənin həyata keçirdiyi “Zeytin budağı”, “Fırat qalxanı”, “Sülh çeşməsi” əməliyyatları zamanı əldə edilən zonada yaradılan və xeyli qaçqının geri qaytmasına səbəb olan ərazilərədə təhlükə altına düşür. Bu da yüz minlərlə insanın Türkiyəyə doğru hərəkət etməsinə səbəb olur. Çoxlu sayda qaçqınlar Türkiyə sərhədlərinə dirənib. Bəşər Əsəd ordusu ilə birlikdə Rusiya və İran qüvvələri də İdlibi tam ələ keçirib müxalifətə rəğbət bəsləyən əhalini oradan qovub çıxarır. Reallıq belədir”.

Q.Hüseynli əlavə edib ki, Rusiya Suriya ilə paralel olaraq Liviyada da Türkiyənin əleyhinə gedir: “Liviyada da atəşkəs rejiminin pozulmasının səbəbkarlarından biri də Rusiyanın muzdlu “Vaqner” ordusudur. Türkiyə əlini hara atırsa, rusların müqavimətinə rast gəlir. Nəticə etibarı ilə dünənə qədər əldə edilən razılaşmalar pozulur”.

Q.Hüseynli onu da qeyd edib ki, tarix boyu Rusiyaverdiyi sözün üzərindən asanlıqla keçməyi bacarır:

“Ukrayna məsələsində bu, aydın göründü. İndi də Suriya və Liviya məsələlərində bunu görürük. Ərdoğan da elan edir ki, artıq səbri tükənib. Amma Ərdoğan öncədən bilməli idi ki, Rusiya ilə bir hədəfə söykənmək o qədər də uğurlu seçim deyil. İndi bu seçimin nəticələrini Ankara görür. Zamanında ABŞ və NATO-da olan müttəfiqləri Ankaranı Rusiya ilə hədsiz şəkildə yaxınlaşmaqdan çəkinməyə dəvət edirdilər. Amma Ankara ABŞ və NATO-nun siyasi xəttinin əleyhinə çıxaraq, Rusiya ilə yaxınlaşmaq xətti götürdü, Suriyada Moskva ilə müttəfiqlik etdi. Əvəzində bu ABŞ-a qarşı oldu. Hətta ABŞ Türkiyə ilə qarşıdurmadan qaçmaq məqsədilə qoşinlarının bir hissəsini Türkiyənin hücum etdiyi ərazidən çıxararaq, İraqa göndərdi. İndi də acınacaqlı durum yaranıb. Bu da Rusiya-Türkiyə birliyinin perspektivsizliyini, bu məsələdə Rusiya tərəfinin sazişə xəyanət yolu tutduğunu ortaya qoyur”.

Professor əlavə edib ki, bundan sonra əsas fikirləri Türkiyə siyasiləri söyləməlidir: “Qənaətimcə, türk siyasətçiləri siyasi qərarlar qəbul etməli, vəziyyətin böhranlı haldan çıxması üçün ənənəvi müttəfiqləri ilə məsləhətləşmələr aparmalıdır. Başqa çıxış yolu sanki görünmür”.


Müəllif: Cavad

Oxşar xəbərlər