“Bakı şəhərinin nəqliyyatı yaxşılaşdırılır, indi həm dövlət, həm özəl sektor xətti ilə daha səmərəli fəaliyyət göstərir”.
Teleqrafşcom xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.
Dövlət başçısı bu məsələdə xüsusilə özəl sektoru qeyd edib:
“Xüsusilə mən özəl sektoru qeyd etmək istəyirəm. Çünki onlar da görürlər ki, dövlət xətti ilə gətirilən avtobuslar bütün standartlara cavab verir. Onların isə istifadə etdikləri avtobuslar artıq çoxdandır yararsız vəziyyətə düşüb. Ona görə məsuliyyətli sahibkarlar dərhal bu işlərlə məşğul olmağa başlayıblar. Əminəm ki, bundan sonra da həm özəl qurumlar, həm dövlət sektoru bu işdə fəal olacaqdır. Ancaq Sumqayıtdan fərqli olaraq bizim başqa şəhərlərdə vəziyyət acınacaqlıdır. Şəhər nəqliyyatı bərbad vəziyyətdədir. İstifadə olunan avtobuslar heç bir meyarlara cavab vermir. Ona görə mən həm yerli icra orqanlarına, həm də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müvafiq göstəriş vermişəm ki, mənə geniş məlumat versinlər, mövcud avtobus parkı nə vəziyyətdədir? Biz bu məsələni də həll etməliyik. Hər bir şəhərdə nəqliyyat yaxşı olmalıdır. Yollar yaxşıdır, nəqliyyat da yaxşı olmalıdır ki, vətəndaşlar mənzil başına, iş yerinə rahat çata bilsinlər”.