Teleqraf.com-un suallarını Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov cavablandırır:
- Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş Naziri Nikol Paşinyan arasındakı ilk dəfə açıq debat formatında müzakirəni necə dəyərləndirirsiniz?
- İlk dəfə idi ki, Azərbaycan və Ermənistan rəhbərləri arasında KİV, eyni zamanda beynəlxalq ictimaiyyət qarşısında açıq debat formatında görüş keçirilirdi. Debat zamanı Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın hökumət başçısına həm yaxşı dərs verdi, həm ona tarixi xatırlatdı, eyni zamanda bütün həqiqətləri dünya ictimaiyyəti üçün açıb göstərdi. Paşinyan bu debatdan nəinki məğlub, həm də rüsvayçı vəziyyətdə ayrıldı. Hətta öz tərəfdarlarının Paşinyanın ünvanına səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, bu debat bir daha Ermənistanın işğalçı və terrorçu mahiyyətini üzə çıxardı, Paşinyanın maskası beynəlxalq ictimaiyyət qarşısında cırıldı. Sözsüz ki, Azərbaycan prezidentinin sadaladığı faktlar qarşısında nəinki Paşinyan, keçmiş prezidentlər də aciz durumda qalmalı idilər. Ona görə ki, Ermənistan işğalçıdır, terrorçu ölkədir, Azərbaycanın ərazilərini işğal edib. İkinci bir tərəfdən, Azərbaycan prezidenti və dövlətinin nüfuzu dünyada bu gün o qədər yüksəkdir ki, nəticə belə də olmalıdır. Debatın bağlı qapılar arxasında yox, məhz ictimaiyyət və KİV qarşısında keçirilməsi ilk idi və düşünürəm ki, bu, vacib və lazım idi. Azərbaycan prezidenti də birbaşa hədəfə vurdu.
- İndiyədək Ermənistan rəhbərləri, xüsusilə Serj Sərkisyan bu cür açıq formada müzakirələrdən yayınırdı, bəlkə də Paşinyan meydan hərəkatından gəldiyinə görə əmin idi ki, çıxışı uğurlu alınacaq və debata razılaşdı. Bəs bu formatda müzakirə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə töhfə verə bilərmi?
- Əslində Paşinyanın istəməzdi ki, belə açıq debat olsun. Düzdür, əvvəlki görüşlərdə Azərbaycan prezidenti ilə görüşlərə can atırdı, hətta deyirdi ki, mən İlham Əliyevlə görüşdüyümə görə qürur duyuram. Digər tərəfdən də Ermənistanın əvvəlki prezidentlərindən fərqli olaraq, bu gün Konstitusiyada dəyişiklikdən sonra baş nazir hökumətin rəhbəridir və Paşinyan ölkə rəhbəri statusunda çıxış edir. Məhz bu baxımdan hakimiyyətə gələndən sonra fikirlərini 180 dərəcə dəyişdi və qondarma Dağlıq Qarabağ rejimini ortalığa atmağa, olmayan üçüncü tərəfi cəlb etməyə çalışdı, lakin buna nail ola bilmədi. Ermənistanın əvvəlki prezidentləri həm Heydər Əliyev, həm də İlham Əliyevlə dəfələrlə görüşlər keçiriblər, Paşinyan isə bundan yayınırdı.
- Söhbət böyük auditoriya qarşısında açıq debatdan gedir... Bəs, Paşinyan niyə yayınırdı?
- Birincisi, ona görə istəməzdi ki, deyirdi, guya Ermənistan Azərbaycanla heç vaxt danışıqlara getməz, çünki münaqişə tərəfləri Azərbaycan və Ermənistan deyil. Amma cənab Prezident bildirdi ki, münaqişənin iki tərəfi var, bunlar Azərbaycan və Ermənistandır, burada üçüncü tərəf yoxdur. Ermənistan işğalçı, Azərbaycan isə işğala məruz qalan ölkədir. Üstəlik Paşinyanın heç bir hazırlığı yoxdur, işğalçı ölkənin deməyə sözü olmayacaq, nəyə əsaslanacaq?! Gördünüz ki, həyasızcasına işğal faktını boynuna aldı və Azərbaycan prezidenti də faktlarla bunu sübut etdi. Belə olduğu halda, əlbəttə, Ermənistan belə polemikanı istəməzdi, bu, Ermənistanın xeyrinə olan məsələ deyildi ki, debata gəlsin. Amma Azərbaycanın istəyi idi, Azərbaycan təcavüzə məruz qalan ölkədir, Azərbaycan prezidenti də bu fürsətdən çox məharətlə, yerində istifadə etdi.
- Belə fikirlər də səslənir ki, xarici işlər nazirləri, ziyalıların iştirakı ilə xalq diplomatiyasına əsaslanaraq icmalar arasında da bu cür açıq görüşlər keçirilə bilər. Bu tipli polemika ümumi işə, danışıqlar prosesinə nə kimi təsir edə bilər?
- Ölkə rəhbərləri arasında keçirilən debatda beynəlxalq ictimaiyyətin gözü qarşısında bir daha aydın oldu ki, işğalçı tərəf Ermənistandır. Ermənistanın baş nazirinin faktlar qarşısında heç nə deyə bilməməsi, çox aciz duruma düşməsi, cavab verə bilməməsi, ingilis dilində fikirlərini normal ifadə edə bilməməsi bir daha onu göstərdi ki, doğrudan da Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Azərbaycan isə diktə edən tərəf oldu, cənab prezident bir daha dönə-dönə çatdırdı ki, beynəlxalq təşkilatlar içərisində BMT-dən yuxarıda qurum yoxdur, 4 qətnaməni xatırlatdı və bildirdi ki, bütün dünya, o cümlədən beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, heç bir qondarma rejimdən söhbət gedə bilməz. Ermənilər Azərbaycanda milli azlıqdırlar, bölgədə erməni deyilən xalq olmayıb. Məhz 1921-ci ildə İrəvan ermənilərə veriləndən sonra Ermənistan dövləti yaranıb və cənab Prezident vurğuladı ki, Dağlıq Qarabağ həmişə Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və bundan sonra da olacaq. Danışıqlar da təbii ki, Azərbaycanla Ermənistan arasında gedir, Azərbaycan prezidenti xatırlatdı ki, nə qədər ki gec deyil, danışıqlar davam etdirilməli, Dağlıq Qarabağın ətrafında olan 7 rayon azad ediləndən və Azərbaycan əhalisi öz dədə-baba yurduna qayıdandan sonra Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyat verilə bilər. Danışıqlar da məhz bu formatda getməlidir, əgər Ermənistan bundan kənarda nə isə axtarırsa, bu, mümkün olmayacaq. İkincisi də, günün birində Azərbaycanın səbir kasası daşa bilər, heç kəs zəmanət verə bilməz ki, aprel döyüşləri təkrar olunmayacaq. Aprel döyüşləri təkrar olacaqsa, bu, Ermənistan üçün acı nəticələnəcək. Onsuz da Ermənistanın vəziyyəti ağırdır, ancaq bu, daha bir fəlakət olacaq.
- Sizcə, müzakirə boyu Paşinyanın eradan əvvəlki dövrə ekskursu nəyə hesablanmışdı?
- Paşinyan eradan əvvəl 400-cü ili misal gətirdi, hansısa müxtəlif adlar çəkdi. Bunlar saxta tarixdir. Paşinyanın eradan əvvəlki tarixə ekskursu gülünc idi, çünki heç müasir dövrü bilmir, Şaumyan rayonunun yerini də qarışdırmışdı, Dağlıq Qarabağda yerləşdiyini deyirdi, cənab Prezident bildirdi ki, onun Dağlıq Qarabağa aidiyyatı yoxdur. Əgər heç Dağlıq Qarabağın xəritəsini, ərazisini, əhalini bilmirsə, oraya necə gəlib köçdüyünü biləcək? Hətta üzr də istədi ki, səhv edir. Dil çaşıb həmişə sözün düzünü deyər, “Dağlıq Qarabağ Azərbaycanındır” dedi, sonra təkrarladı ki, belə deyil. Bunlar bir daha onu göstərirdi ki, Paşinyanın tarixdən xəbəri yoxdur, xəbəri olsa belə debata hazır deyildi, əlində tutarlı arqumenti, faktı yox idi. Cənab Prezident ona bildirdi ki, sən eradan əvvəlki dövrə gedib çıxırsansa, niyə Şaumyanın adını çəkirsən, o, bolşevik olub, Xankəndi sonradan Stepanakert adlandırılıb, Stepanın adı ilə bağlıdır, “kert” də şəhər deməkdir. Demək, bu, onu göstərir ki, müasir dövrdə ermənilər buraya gəliblər. Cənab Prezident bir daha faktlarla sübut elədi ki, tarixdən danışırsansa, tarixi saxtalaşdırmaq olmaz. Dağlıq Qarabağ muxtar vilayəti 1921-91-ci illər ərzində Azərbaycanın tərkibində status əldə edib, Qafqaz bürosunun qərarında da yazılır ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bütün bu faktlar qarşısında Ermənistanın baş naziri gülünc vəziyyətə düşmüşdü, o, çox arzulayırdı ki, bu debat tez qurtarsın və bu biabırçılıqdan xilas olsun. Ermənistana qayıdanda öz tərəfdarları da, müxalifət də onu məcazi mənada topa tutdular ki, gör Ermənistan nə durumdadır ki, baş nazir bu cür gülünc vəziyyətə düşüb.
- Paşinyan İrəvana qayıdar-qayıtmaz hərbi rəhbərliyi təcili müşavirəyə çağırdı, kadr islahatlarının olacağına dair də anonslar verilir. Vəziyyət necə dəyişəcək?
- Hakimiyyətə gələrkən verdiyi vədlər ondan ibarət idi ki, ölkədə işsizlik problemini aradan qaldıracaq, sosial durumu yaxşılaşdıracaq. Əhalini düşündürən əsas sosial vəziyyətdir. Bunların heç biri olmadı. Nə baş verdi? Tez-tez Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlər etməyə başladı. Bununla da məqsədi öz sələfləri kimi fikri yenidən müharibəyə yönəltmək, diqqəti Ermənistanın daxili vəziyyətindən yayındırmaq idi. Bu rüsvayçılığından sonra məqsəd yenidən fikri daxili gərginlikdən müharibə, Dağlıq Qarabağ üzərinə keçirməklə haradasa qorxu, xof yaratmaq, diqqəti özündən kadr islahatlarına yönəltmək idi. Ermənistan istədiyi qədər kadr islahatları aparsın, nə qədər ki, işğalçılıq, terrorçuluq siyasətindən əl çəkməyib, bu yaxında Paşinyanı hakimiyyətə gətirən xalqın onu devirəcəyinin şahidi olacağıq. Beləliklə, Ermənistanda indikindən də ağır vəziyyət yaranacaq.