MSK-nın iclasında 28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə namizəd Aygün Süleymanlının (jurnalist Aygün Muradxanlı) şikayətinə baxılıb.
Teleqraf.com-un məlumatına görə, MSK üzvü İlham Məmmədov bildirib ki, ərizəçi şikayətində seçki dairəsi üzrə nəticələrin ləğvini xahiş edib.
İlham Məmmədov deyib ki, bir neçəsi istisna olmaqla, digər məntəqələr üzrə qanun pozuntuları öz təsdiqini tapmayıb:
"Ancaq bu pozuntular da həmin məntəqələrdə nəticələrin ləğvinə əsas vermir".
MSK üzvü şikayətin təmin edilməməli olduğunu vurğulayıb.
İclasda iştirak edən Aygün Süleymanlı bununla razılaşmadığını bildirib. O qeyd edib ki, sosial şəbəkələrə həmin seçki dairəsi üzrə pozuntuları göstərən videolar yerləşdirib.
Ancaq MSK sədri Məzahir Pənahov bildirib ki, sosial şəbəkədə bu seçki dairəsi üzrə 2 video yerləşdirilib. Bunlar 12 və 13 saylı seçki məntəqələri ilə bağlıdır.
MSK sədri bildirib ki, namizəd razılaşmadığı məqamlarla bağlı məhkəməyə müraciət etmək hüququna malikdir.
M.Pənahov onu da deyib ki, şikayətə təqdim olunan əlavələr yekun protokola daxil ediləcək.
Beləliklə, şikayət əsassız sayıldığından təmin edilməyib.