Teleqraf.com-un suallarını 17 saylı Yasamal III seçki dairəsində deputatlıq uğrunda mübarizə aparmış, “Hərəkət” seçki blokunun liderlərindən biri, politoloq Azər Qasımlı cavablandırıb:
- Azər bəy, artıq növbədənkənar parlament seçkiləri bitib, 10 gün ərzində Konstitusiya Məhkəməsi seçkinin yekunlarını təsdiq edəcək. Faktiki nəticələrə görə, 4 dairədə yenidən seçki keçiriləcək. Bu dairələrdən birində mandat uğrunda mübarizə barədə düşünürsünüz?
- Bununla bağlı hələ ki qərar qəbul etməmişəm. Amma böyük ehtimalla qatılmayacağam. Təbii ki, dostlarla məsələni müzakirə edəcəyik. Çünki hələ Konstitusiya Məhkəməsinin qərarı irəlilədir, qərar verilsin, proses tam bitsin, sonra baxaq, dörd dairədəmi olacaq, yoxsa başqa dairələrdə də seçki keçiriləcək. Bundan başqa prosesin necə gedəcəyi, dostların qatılıb-qatılmayacağını da nəzərə alacağıq. Vəziyyətə görə qərarımı verəcəyəm. Hələ bu barədə danışmaq tezdir.
- Əvvəl ReAL-daydınız, seçki ərəfəsində “Hərəkat” bloku yaradıldı, hazırda siyasi fəaliyyətinizi hansı formada davam etdirəcəksiniz?
- Müəyyən planlarımız var, məsləhətləşmələr gedir, qərarlar veriləndə ictimaiyyətə açıqlayacağıq. Təbii ki, siyasətdəyəm, siyasətdən harasa gedəsi deyiləm, ölkədəyəm, ölkədə varamsa, deməli siyasətdə də olacağam.
- Özünüzün partiya yaratmaq niyyətiniz varmı?
- İndiki mərhələdə belə bir niyyətim yoxdur. Amma bu da müzakirə olunmalı mövzulardan biridir. Hələ hansı formada, necə olacağı barədə qərar verilməyib.
- ReAL-dakı dostlarla münasibətlər hansı səviyyədədir?
- Münasibətlərimiz normal şəkildə davam edir. ReAL Partiyasından ayrılmamışam, mən İlqar Məmmədovun partiyasından ayrılmışam. ReAL-çılarla da hər zaman yaxşı münasibətlərim olub. Mənim seçki kampaniyamda da həm ReAL Partiyasının keçmiş üzvləri, həm də hazırda üzvü olan şəxslər iştirak ediblər. ReAL ailəsində olan dostlarla münasibətlərimiz yaxşıdır və bu münasibətlər davam etməkdədir.
- Mübarizə apardığınız 17 saylı Yasamal III seçki dairəsində rəqiblərinizdən biri də Real-Cümhuriyyət blokunun dəstəklədiyi vəkil Cavad Cavadov idi. Sizcə, Cavadovun namizədliyinin irəli sürülməsi səslərinizi böldü?
- ReAL sədri seçkilərdə fəaliyyətini, bütün kampaniyanı demək olar ki, 17-ci dairədə mənə qarşı yönəltmişdi. Təbii ki, bunun müəyyən mənfi təsiri oldu. Amma mən başqa qənaətdəyəm. Düşünürəm ki, insanlar seçkiyə gəlmədi, ümumən prosesə inanmadı. Açığı, bu, mənim üçün gözlənilən idi. Əvvəlcədən bunu bilirdim, seçkilərdən əvvəlki video və müsahibələrdə də qeyd etmişdim ki, seçkilərdən ciddi nəticə, insanların da səsverməyə gəlməsini gözləmirəm. Çünki bunun üçün Azərbaycan müxalifəti heç nə etmədi. Nəyi eləmək lazım deyildisə, onu elədilər. Ona görə nəticələr mənə ta əvvəldən bəlli idi.
- Müxalifət nələr etməli idi?
- Birincisi, müxalifət bir-biri ilə savaşmamalı, vuruşmamalı, bir-birinə söz atmamalı idi. Bir masa arxasında oturub seçki mövzularını müzakirə etməli, cəmiyyəti seçki mövzusuna kökləməli idi, sivil toplumla yaxşı münasibətdə olmalı, onları da bu prosesə cəlb etməliydi. Minimum 80 dairədə vahid namizəd irəli sürməli, elə etməli idi ki, seçkidə hamı bir düşərgədə görünsün, mesajlarımız bir olsun, müasir seçki kampaniyası aparılsın. Müxalifət bunları etməli idi, amma heç birini etmədi. Təbii ki, bunlar seçkilərə 15 gün qalmış deyil, daha əvvəl olmalıydı, müxalifət bu prosesə uzun müddət öncədən hazırlaşmalı idi. Bunların heç birini görmədik. Bunlar yoxdursa, niyə Azərbaycan seçicisi seçkiyə gəlməliydi? Gəlib neyləməli idi? Baxmalıdır ki, müxalifətdən bir dairədə bir neçə namizəd var, səsləri necə parçalayacaqlar?! O cümlədən, müxalifətin bir qismi seçkiyə qatıldı, bir qismi isə qatılmadı, qatılanlar da hazırlıqsız vəziyyətdə idi. Azərbaycan seçicisi bunumu müşahidə etməli idi? Ona görə də seçiciləri çox gözəl başa düşürəm, onları indiki prosesə inandırmaq mümkün deyil. Bu siyasətlə siyasətçilik olmaz, qabağa getmək mümkün deyil. Nəticə də göz qabağındadır.
- Sizin təbiriniczə desək, ReAL Partiyasından yox, İlqar Məmmədovun partiyasından ayrılmanız birmənalı qarşılanmadı. Müxtəlif versiyalar irəli sürüldü. Belə fikirlər də vardı ki, mandat əldə etmək üçün ReAL-dan ayrıldınız...
- Mənim üçün İlqar Məmmədov və bu mövzular bitib. Keçmişdə ilişib qalmaq istəmirəm, gələcəyə doğru baxıram. Planları soruşdunuz, konkret qərarlarımız olanda danışarıq, açıqlayarıq. İlqar Məmmədov da, digər mövzular da keçmişdə qalıb.