28 Fevral 2020 13:30
8 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türk ordusunun itki verməsindən sonra Rusiya dərhal danışıqlara getmək və atəşkəsin təmin olunması ilə bağlı bəyanat verdi. Amma Rusiya bu bəyanatında səmimi deyil. Rusiya nümayəndə heyəti ötən gündən Türkiyədə danışıqlar aparır. Lakin ortada konkret nəticə yoxdur”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, ötən gün Rusiyanın birbaşa iştirakı və Əsəd qüvvələrinə dəstəyi ilə türk ordusunun yerləşdiyi binalar bombardman edilib:

“Bu, döyüş şəraitində olmayan hücumdur. Türklərin mövqeləri əməliyyat bölgələrindən kənarda vurulub, nəticədə çox sayda türk hərbçisi həlak olub. Bu, xainlikdən başqa, müharibə əxlaqına sığmayan bir davranışdır. Buna görə də Rusiyanın atəşkəs çağırışı heç bir önəm daşımır. Çünki Türkiyə bu hücuma qədər atəşkəsin elan olunmasını, Əsəd qüvvələrinin əldə edilmiş anlaşmalar üzrə müəyyən olunmuş sərhədlərə çəkilməsini tələb edirdi. İndi isə Rusiya ona görə atəşkəs istəyir ki, Rusiya artıq havadan yox, qurudan da hərbi əməliyyatlara başlayıb. Rusiya hərbi bazaların yerləşdiyi Ləzgiyə bölgəsi də vurulur, əməliyyatlar davam edir və bunun Rusiya, İran və Əsəd rejimi üçün ağır nəticələri yaxın saatlarda bildiriləcək.

Hesab edirəm ki, Rusiya gərginliyin qarşısını almaq üçün Türkiyədən üzr istəməklə yanaşı, Əsəd ordusunun əvvəlki mövqelərə geri çəkilməsini təmin etməlidir. Yalnız bundan sonra bəzi məsələləri masa arxasında müzakirə etmək olar”.

Ekspertin fikrincə, Rusiya bu zərbələrlə türk ordusunu yox, öz nüfuzuna ağır xəsarətlər yetirdi:

“Artıq Türkiyə ilə münasibətləri tənzimləmək haqda Ankara yox, Moskva düşünməlidir. Bu gün türk ordusu Suriyada rus qüvvələri ilə üz-üzə qalıb. Buna görə də, Türkiyə İstanbul boğazını rus hərbi gəmiləri üçün bağlamalıdır. Çünki Montre müqaviləsinə görə, Türkiyə müharibə vəziyyətində olduğu dövlət üçün İstanbul boğazını bağlaya bilər. Hesab edirəm ki, Rusiya Suriya anlaşmasının şərtlərini yerinə yetirməsə, Türkiyə bu qərarı qəbul edə bilər”.

Natiq Mirinin qənaətinə görə, Türkiyə verdiyi şəhidlərin qisasını artıqlaması ilə alacaq, amma nə Moskva, nə də Ankara açıq qarşıdurmada maraqlı deyil: “Bəzi xarici qüvvələr var ki, tərəfləri qarşı-qarşıya gətirmək istəyirlər. Belə bir toqquşma baş verməsə də, Türkiyə-Rusiya münasibətləri əvvəlki kimi olmayacaq. Düşünürəm ki, son hücum səbir kasasını daşıran son damla olduğu üçün, bundan sonra anlaşma daha sürətli formada əldə edilə bilər. Rusiya öz geosiyasi maraqlarını düşünürsə, bu anlaşmaya gedəcək. Əks halda, Əsəd ordusuna kimin dəstək verib-verməməsindən asılı olmayaraq, türk ordusu Suriyanın bütün nöqtələrində əməliyyatlara başlaya bilər. Bu da beynəlxalq legitimliyi tanınmayan Əsəd rejiminin ləğv edilməsi deməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər