2 Mart 2020 14:27
3 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ yenidən ciddi şəkildə Suriyaya qayıtsa, yenə də “Kürdüstan planı”nı həyata keçirməyə cəhdlər edəcək. Bu da nə Türkiyə, nə də Suriya üçün arzuolunandır. ABŞ-ın istəyi budur ki, Rusiyanın bölgədəki nüfuz dairəsi zəifləsin, hərbi bazalarını çıxarmaq məcburiyyətində qalsın”.

Politoloq Hikmət Hacızadə belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Suriyanın İdlib bölgəsində vəziyyət gərgindir. Suriya ordusu və Türkiyə Silahlı Qüvvələri arasında açıq savaş gedir. Sizcə, bu gərginlik nə ilə nəticələnəcək?

- Türkiyənin bölgədəki mövqeyi kifayət qədər güclüdür, imkanları da genişdir. Rusiya və İran Türkiyəyə heç nə edə bilməz. Amma məsələn, Türkiyənin hücuma keçərək, Dəməşqi alacağına inanmıram, ora qədər gedəcəyi inandırıcı gəlmir. Ələ keçirdiyi bölgələri də bir müddət sonra Azad Suriya Ordusunun nəzarətinə verəcək. Türkiyənin istəyi budur ki, Soçi və Astana anlaşmaları üzrə Əsəd ordusu müəyyən edilmiş sərhədlərə geri çəkilsin. Amma Əsədin qüvvələri bu xətləri pozaraq qabağa keçdi, indi də Türkiyə əvvəlki sərhədləri bərpa etməyə çalışır.

Ərdoğana sual olundu ki, Suriyadan nə vaxt çıxmağı düşünür. Onun da cavabı belə oldu ki, Suriya xalqı çıxmaq tələbi edəndə bu addımı atacaqlar.

- Bəs Ərdoğan bununla nəyi nəzərdə tuturdu?

- Türkiyə prezidentinin elan etdiyi budur ki, Suriyada demokratik qüvvələr hakimiyyətə gəlməlidir. Bunun üçün də müharibə başa çatmalı, şəffaf seçkilər keçirilməli, nəticədə demokratik dövlət qurulmalıdır. Ərdoğan da bildirir ki, bunlar olacağı halda Türkiyə tərəfindən müvafiq addımlar atılacaq, çəkilmək lazım gələcəksə, bunu da edəcəklər. Türkiyə şübhə etmir ki, Suriyada demokratik seçkilər keçirilsə, onun tərəfdarları qalib gələcəklər.

Ortadakı əsas faktorlardan biri sünni-şiə məsələsidir. Suriyada şiələrin sayı azdır. Hesab edirəm ki, səsvermə baş tutsa, sünnilər və ya Türkiyənin tərəfdarları qalib olacaqlar. Ərdoğan da öz hədəfi kimi bunu elan edib, amma bunun nə qədər mümkün olub-olmayacağını demək çətindir. Lakin türk ordusunun Dəməşqi alacağına inanmıram. Əlbəttə, bu olacaqsa, dünya buna etiraz edəcək. Türkiyənin məqsədi Əsəd ordusunun zəiflətmək, Azad Suriya Ordusunu qabağa çıxarmaqdır.

- Bəs Türkiyənin bu həmlələrinə qarşı bölgədə maraqları olan Rusiya və İranın atacağı addımlar nədən ibarət ola bilər?

- Əlbəttə, onlar müqavimət göstərməyə, Ərdoğanı dayandırmağa çalışacaqlar. Bu məqsədlə də bu və Türkiyənin maraqları olan digər bölgələrdə ona qarşı addımlar atmağa cəhd edəcəklər. Bu bölgə təkcə Suriya yox, digər bölgələr də ola bilər. Amma indiki halda Türkiyəyə Qərbdən dəstək var, NATO ard-arda bəyanatlar verir. Hesab edirəm ki, ciddi toqquşma olsa, NATO Türkiyəni dəstəkləyəcək. Bbuna görə də Rusiya və İran Türkiyəyə heç nə edə bilməyəcək.

- Rusiya və Türkiyə arasında açıq qarşıdurma ehtimalı nə qədər yüksəkdir?

- Belə böyük bir qarşıdurmanın olmasını istəməzdim. Çünki belə bir qarşıdurmanın nəticələri ağır olardı. Kimsə böyük müharibə istəmir. Ona görə də iki böyük ordunun üz-üzə gələcəyinə inanmıram. Lakin tərəflər arasında hibrid savaşın baş verəcəyini istisna etmirəm.

- Suriya böhranına dair Ankara və Moskva arasında Soçi və Astana prosesi vardı, bu proses tərəfləri bir-birinə yaxınlaşdırdı. Sonra nə baş verdi ki, Rusiya və Türkiyə arasındakı məsafə uzanmağa başladı?

- Bu münasibətləri Rusiyanın cığallığı pozmağa başladı. Anlaşma əldə edildi, xəritə müəyyən olundu, sərhədlər çəkildi. Amma Suriya ordusu Rusiyanın dəstəyi ilə bu sərhədləri keçməyə, qabağa çıxmağa başladı. Türk hərbi qüvvələrinə hücuma keçdi, nəticədə 30-dan çox türk hərbçisi həlak oldu. Rusiya heç vaxt sazişləri yerinə yetirmir. Düşünür ki, kimə gücü çatırsa, əzib qabağa getsin. Buna görə də onların verdiyi sözlərə inanmaq lazım deyil. Rusların ipi üstəə odun yışmaq mümkün deyil.

- Ümumiyyətlə, hesab etmək olarmı ki, Ərdoğan Putini yaxşı tanımadı?

- Məsələnin belə olduğunu düşünmürəm. Putin elə böyük bir sirr deyil ki, onu tanımayasan. Ərdoğan da manevr edir, özünü gah sağa, gah da sola verir, Qərbdən təyyarə istəyir, ala bilməyəndə də Rusiyaya üz tutur. Putin sıxanada da Qərbə yönəlir. Bu manevrdir, siyasətdə belə hallar olur.

- Vəziyyətin gərginləşməsindən istifadə edən ABŞ yenidən böyük oyuna qayıda bilərmi? Bu qayıdış bölgədə hansı proseslərə yol aça bilər?

- ABŞ yenidən ciddi şəkildə Suriyaya qayıtsa, yenə də “Kürdüstan planı”nı həyata keçirməyə cəhdlər edəcək. Bu da nə Türkiyə, nə də Suriya üçün arzuolunandır. ABŞ-ın istəyi budur ki, Rusiyanın bölgədəki nüfuz dairəsi zəifləsin, hərbi bazalarını çıxarmaq məcburiyyətində qalsın. Rusiyanın Aralıq dənizinə çıxaraq, bölgədə ağalıq etməsində maraqlı deyil, ABŞ buna mane olmağa çalışır. ABŞ-ın digər istəyi də bölgədə kürd dövləti qurmaqdır, bunu da Türkiyə istəmir. Bölgədə qəliz və qarışıq bir vəziyyət yaranıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər