Milli Məclisinin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında məsələ parlamentdə müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, millət vəkilləri qanunvericilik işlər planına təkliflərini irəli sürüb.
Deputat Fazil Mustafa təklif edib ki, distant təhsillə bağlı düşünmək lazımdır. O, koronavirusun tüğyan etdiyi bir məqamda buna ehtiyac olduğunu deyib: “İndi ölkəmizdə yalnız İqtisad Universiteti buna hazır olduğunu bildirib. Hesab edirəm ki, parlamentin komitələri bu haqda düşünməli, təkliflərini irəli sürməlidir”.
Professor Musa Qasımlı isə təklif edib ki, "Ali təhsil haqqınd"a qanun layihəsinin hazırlanmasına ehtiyac var. Deputat V çağırış Milli Məclisdə bu layihə haqqında danışıqlar getdiyini xatırladıb: “Hörmətli həmkarım Fazil Mustafanın da təklifini dəstəkləyirəm”.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə spikeri təbrik edib: “Sahibə xanım alimdir. Hesab edirəm ki, qanunvericilik hakimiyyətinə xanımın rəhbərlik etməsi müzakirələr zamanı emosiyalara həlimlik gətirəcək. Komitələrin rəhbərliyində siyasi partiya rəhbərləri də təmsil olunur. Hesab edirəm ki, bu çoxpartiyalı sistemin inkişafına təkan verəcək”.
Deputat Qüdrət Həsənquliyev isə qeyd edib ki, yaz sessiyasında ciddi qanun layihələrinin müzakirə ediləcəyi gözlənilir: “İlk dəfədir ki, Milli Məclisdə Prezidentin tövsiyəsi ilə azlıqda qalan tərəf də parlament idarəçiliyində təmsil olunur.
Parlamentin komitələrini yenidən müzakirə etməliyik. Bəzi komitələri birləşdirə, bəzi yeni komitələr yarada bilərik. Belə komitələrdən biri Qarabağ komitəsi ola bilər. Eyni zamanda işğal edilən ərazilərimiz haqqında qanun layihəsinin qəbuluna ehtiyac var. Həmçinin "Deputat statusu haqqında" qanunun yenidən müzakirə edilməsinə ehtiyac var".
Hazırda deputatlar təkliflərini səsləndirir.