31 Mart 2020 21:45
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan qondarma Dağlıq Qarabağ Respublikasında “seçki”ni sürətlə keçirib Dağlıq Qarabağda istədiyi adamın hakim olmasını istəyir. Həmin şəxs vasitəsilə də Dağlıq Qarabağ erməniləri arasında iş aparılması niyyətindədir. Bu, Azərbaycanın da maraqlarına cavab verən məqamdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlili bildirib.

Onun sözlərinə görə, danışıqlar prosesinin ən müasir fazası Bratislavada qəbul olunmuş sənədlə yüksəlib:

“Emənistan tərəfi əvvəlki illərdə çoxlu bəhanələr gətirib, danışıqlar prosesini ləngidə bilib, hazırda isə intensivləşən danışıqlar prosesində Ermənistan tərəfindən müəyyən nəticələr tələb olunur. Əvvəldən elan edilmişdi ki, yaz aylarında müəyyən nəticələr olacaq. Nəticələrin bir az da yubandığınızı söyləsələr, bu, artıq onların özü üçün itki olacaq. İndiki halda yubatmaq lüksləri yoxdur”.

Ekspert “Qarabağ klanı”nın nümayəndələri sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın uzun müddətdir Paşinyan üçün problem yaratdığını xatırladıb:

“Onları bu və ya digər şəkildə neytrallaşdırmaq alınsa da, əsas dayaq nöqtəsi Dağlıq Qarabağ idi və əvvəldən bəlli idi ki, Sərkisyan və Köçəryana olan dəstəyin intensivliyini azalda bilməsə, bu, daha sonra Paşinyanın özü üçün problemə çevriləcək. Ermənistanın baş naziri reytinqinin düşdüyü bir vaxtda heç cür Dağlıq Qarabağ məsələsi ilə bağlı daxildə spekulyasiyaya imkan verə bilməzdi. Uzun müddətdir Paşinyan Dağlıq Qarabağ məsələsində güzəştə getməkdə ittiham edilirdi, Qarabağı Azərbaycana verməyə hazır olduğuna dair iddialar səslənirdi, klanın özü göstərməyə çalışırdı ki, Paşinyan bu cür addımları ilə Ermənistanın mənafeyinə zidd hərəkət edir. Bu proses fonunda Paşinyan Qarabağda özünə sərf edən şəxsin oturmasını, arxasının möhkəmlənməsini istəyir”.

Əhməd Əlili qeyd edib ki, Paşinyan Dağlıq Qarabağ ermənilərinin “xarici işlər naziri” olmuş Masis Mailyanın hakimiyyətə gəlməsini arzulayır:

“Düşünür ki, onunla daha uğurlu işləyə bilər. Paşinyan qarşısında beynəlxalq ictimaiyyət tərəfindən də bir neçə tələb qoyulub. Özü hakimiyyətə gələndə Sərkisyanın adamlarını parlamentdən təmizləmək və hakimiyyətini möhkəmləndirmək üçün vaxt istəmişdi. Ona bu vaxt tanınmışdı, indi bu proseslər fonunda böyük ehtimalla Paşinyan bir müddət əlavə vaxt istəyəcək və deyəcək ki, Dağlıq Qarabağ erməniləri öz liderlərini yeni seçdiyindən proseslərin normallaşması üçün yenə zaman tanıyın.

Fikrimcə, ona vaxt çox az tanınacaq, Paşinyan Fransa rəsmilərinin nəzarəti ilə Cenevrədəki görüşlər və Bratislava sənədindəki məqamlarla bağlı sürətlə addımlar atmağa məcbur olacaq. Avropa İttifaqı da bu məsələdə maraqlıdır və ABŞ da marağını bəyan edib. Ona görə də bu “seçki” ilə Paşinyanın Qarabağ məsələsini yubatmaqla bağlı növbəti bəhanəsi sıradan çıxır”.


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər