Qarabağda hər gün müharibə gözlənilir, cəbhə zonası varsa, hər an müharibə ola bilər. Söhbət risk faizindən gedir. Koronavirus pandemiyası zamanı risk faizi daha azdır. Postkoronavirus dövründə isə risk çoxala, genişmiyaslı əməliyyatlar başlaya bilər. Biz hansı təxribatın nə ilə nəticələnə biləcəyini bilmirik.
Bu sözləri Teleqraf.com-a açıqlamasında hərbi ekspert Azad İsazadə Ermənistanın son günlər cəbh xəttində Azərbaycanın mövqelərinə qarşı təxribatları barədə danışarkən deyib.
Onun sözlərinə görə, koronavirus pandemiyasından öncəki dövrlərdə də hər il aprel ayında Ermənistanın Azərbaycana qarşı təxribatları baş verir:
“Bu onunla bağlıdır ki, cəbhə zonası yüksəkliklər üzərində qurulduğundan, qışda qar yağanda postlar arxaya çəkilir, neytral zolaq bir az genişlənir, qar əriyən kimi hər iki tərəf öz postlarına qayıtmağa çalışır. Eyni vaxtda bir-birinin qabağında hərəkət edəndə və öz postlarından əlavə daha əlverişli yüksəklik ələ keçirmək istəyi yarananda toqquşmalar baş verir.
Adətən, may ayında bu, səngiyir. İstisna olunmur ki, bəzən bu, geniş əməliyyata keçə bilər. Məsələn, 2016-cı ildə Aprel döyüşləri də bu dövrə təsadüf edirdi. Ermənistan təxribat törətdi və Azərbaycan ordusu cavab verdi. Hər dəfə yazda belə təxribatlar baş verir, biz buna hazır olmalıyıq”.
Azad İsazadə hesab edir ki, koronavirus dönəmində belə təxribatlara əl atmaq ilk növbədə Ermənistanın özünə sərf eləmir:
“Onsuz da vəziyyət qeyri-adidir, ilk dəfədir belə böyük problemlə rastlaşırıq, üstəlik ordu da koronavirusdan heç də yaxşı qorunmur. Aktiv hərbi əməliyatlar keçirəndə hərbçilər bir yerə toplaşır, sosial məsafəni saxlamaq məntiqsizdir, daha çox hərbi əmri yerinə yetirmək lazımdır, bir sözlə, koronavirusun yayılması halı daha da çoxalır”.
Koronavirusdan sonrakı dönəmdə dünyanın dəyişəcəyi barədə deyilənlərə toxunan ekspert şühəsiz, hansısa yeniliklərin olacağını bildirib:
“Bu təcrübədən dünya özünə dərs götürəcək, amma bu dərsin müsbət ,yoxsa mənfi nəticələnəcəyini bilmək olmur. Bu fonda münaqişələr azala da, çoxala da bilər. Bütün bunlar versiyalardır. Ermənilərin düşüncəsinin necəsə dəyişəcəyicəyinə inanmıram. Onların Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə indiki kimi imitasiya ilə deyil, obyektiv razılaşacağına inanmıram. Arzulamıram, amma dünyada koronavirus nə qədər insanı qırmalıdır ki, insanlar bir-birini öldürməyə son qoysun. Ən faciəvi nəticə olsa belə, ağıllanan millətlərin siyahısında ermənilər məncə, ən axırıncı yerdə olacaqlar”.