Bu əfv sərəncamı öz xüsusiyyətlərinə görə fərqli bir əfv sərəncamıdır. Birincisi, əfv sərəncamı koronavirus pandemiyasına qarşı tədbirlər sırasındadır. Yəni koronavirus bütün dünyanı, o cümlədən ölkəmizi də bürüyüb. Belə olan təqdirdə əlbəttə ki, bu cür əfv sərəncamının verilməsi əlbəttə çox əhəmiyyətli idi.
Bunu
Teleqraf.com-a açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.
O, əfv sərəncamının əsasları barədə danışıb:
“Sərəncamda da qeyd edilir ki, sərəncam yaşı 65-dən yuxarı şəxslərə şamil olunur. Bu da yenə koronavirus pandemiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan şəxslərin vəziyyətinin nəzərə alınması ilə bağlıdır. Eyni zamanda sərəncamda qeyd edilir ki, sərəncam məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalanıb.
Sərəncam 176 nəfəri əhatə edir. Həmin 176 nəfərin 11 nəfəri qadındır. İki nəfər ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərdir. Yəni burada hər hansı fərq qoyulmayıb. Yenə də əsas kriteriya qeyd etdiyim kimi səhhətinin vəziyyəti, xüsusi qayğıya ehtiyacının olması kimi məsələlər nəzərə alınıb. Digər bir məsələ ondan ibarətdir ki, burada adları müxtəlif hadisələrdə çəkilən şəxslər, məsələn Nardaran hadisələrində olan şəxslər də var. Yəni bu məsələdə də bir fərq qoyulmur.
Başqa bir məsələ sərəncamın yol-nəqliyyat hadisələri baş vermiş cinayətlərə görə məhkum olunmuş şəxslərə şamil olunmasıdır. Yaxud dələduzluq cinayətləri törətmiş, amma zərəri ödəmiş və digər davranışları nəzərə alınmış şəxslərə də bu sərəncam şamil ediləcək. Yəni maksimum dərəcədə bütün bu kriteriyalar və yaşın 65-dən yuxarı olması, səhhətin vəziyyəti nəzərə alınmaqla azadlığa çıxması üçün cənab prezident tərəfindən növbəti əfv sərəncamı imzalanıb”.
Ə.Nuriyev qeyd edib ki, 2003-cü ildən indiyədək olan müddətə nəzər yetirdikdə ölkə başçısı tərəfindən 35 əfv sərəncamının imzalandığını görmək mümkündür:
“Bunun nəticəsində 4000-dən artıq şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən və digər cəzalardan azad edilib. Bu, çox mühüm məqamdır. Bunu xüsusi olaraq qeyd etmək istərdim. 1995-2002-ci illərdə isə 32 əfv sərəncamı imzalanıb. Bütövlükdə 1995-ci ildən indiyədək 67 əfv fərman və sərəncamları imzalanıb. Bunun nəticəsində 8000-dən artıq şəxs azadlıqdan məhrumetmə növündə olan cəzadan və digər cəzalardan azad edilib. Bu, həm dövlətin hüquqi təbiətindən, eyni zamanda Azərbaycan Prezidentinin apardığı siyasətin əsasında insan amilinin dayanmasından irəli gəlir. Eyni zamanda humanizm, mərhəmət prinsiplərinə söykənir”.
Əfv Komissiyasının üzvü başqa bir məqama da toxunub:
“İndiki halda əfv sərəncamının imzalanması xüsusi önəm daşıyır. Bilirsiniz ki, 65 yaşdan yuxarı şəxslərə koronavirus pandemiyası dövründə xüsusi yanaşılmalıdır. Əfv sərəncamı bu insanların sağ-salamat qalmaq, yaşamaq imkanlarını daha da genişləndirir. Bu, vacib elementdir və bunu xüsusi olaraq qeyd etmək lazımdır. Başqa sözlə desək, Azərbaycan Prezidentinin humanizm siyasəti davam edir”.
Ə.Nuriyev qeyd edib ki, Prezident İlham Əliyevin şəxsən tapşırığı əsasında Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Əfv sektoru, eyni zamanda Ədliyyə Nazirliyi Penitensiar Xidməti qısa müddət ərzində çox gərgin işləyib:
“Həmin şəxsləri müəyyənləşdirmək, onları təqdim etmək, hər biri barədə arayış hazırlamaq, onları emal etmək, qeyd etdiyimiz bütün kriteriyaları nəzərə almaq çox əhəmiyyətli məsələdir. Qısa müddət ərzində cənab prezidentin siyasi iradəsi və şəxsi tapşırığı əsasında bu şəxslərlə bağlı sənədlər hazırlandı və ölkə başçısı tərəfindən belə bir əfv sərəncamı imzalandı”.
Ə.Nuriyev qeyd edib ki, əlbəttə, bu sərəncam ilk növbədə məhkumları, eyni zamanda cəmiyyəti sevindirdi:
“Cəmiyyət bir daha gördü ki, Prezident İlham Əliyev hər kəsə diqqətlidir. Hətta işin belə ağır vəziyyətində, pandemiya ilə əlaqədar nəinki ölkədə, ölkədən kənarda çox gərgin proses getdiyi bir dövrdə dövlət başçısı vaxt, imkan taparaq bu insanları da diqqətdən kənarda qoymur. Yeri gəlmişkən, cəzaçəkmə müəssisələrində, bütövlükdə Ədliyyə Nazirliyinin bütün strukturlarında pandemiya əleyhinə xüsusi tədbirlər həyata keçirilir, gücləndirilmiş iş rejimi tətbiq olunur. Bütün amillər nəzərə alınır.
Sosial izolyasiya tədbirləri maksimum dərəcədədir. İnfeksiya əleyhinə bütün önləyici tədbirlər həyata keçirilir. Bu baxımdan həmin tədbirlər də önəmlidir. Bütövlükdə mən hesab edirəm ki, dövlət koronavirus əleyhinə bütün mümkün olan tədbirləri hər sahədə, o cümlədən bu istiqamətdə də həyata keçirir”.
Ə.Nuriyev bildirib ki, bəzi hallarda sosial şəbəkələrdə əfv sərəncamının niyə bu şəxslərə şamil olunduğu, digər şəxslərə şamil olunmadığı barədə fikirlər səsləndirilir:
“Qeyd etdiyim kimi burada məhkumların səhhətinin vəziyyəti və xüsusi qayğıya ehtiyacı olması kriteriyası əsas götürülüb. Ona görə də ola bilsin ki, burada şəxsin vəziyyəti, səhhəti pisdir, amma o ağır cəza alıb, cəza müddətini yarısınadək çəkməyib. Burada əsas məsələ humanizmdir, mərhəmət prinsipidir. İnsanların verilən sərəncama bu nöqteyi-nəzərdən qiymət verməsi çox zəruri və əhəmiyyətlidir”.