8 Aprel 2020 16:15
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus infeksiyasının yayılmasından sonra ABŞ və Çin bir-birini ittiham edirlər. ABŞ virusun Uhan Virusologiya İnstitutunun laboratoriyasında süni şəkildə yetişdirildiyini bildirir. Bu laboratoriyada uzun müddət virus daşıyıcısı ola bilən, lakin xəstələnməyən yarasaların immun mexanizmləri araşdırılır. ABŞ-da iddia edirlər ki, yeni növ koronavirus oradan sərbəst buraxılıb. Çin də oxşar ittihamlar səsləndirir. Pekinin iddiasına görə, virus Uhana amerikalı hərbçilər tərəfindən aparılıb. Aydındır, iki güclü dövlət bu virusdan sadəcə fürsət kimi istifadə edib, bir-birinə zərbə vurmaq, bir-birini daha da zəiflətmək istəyir.

Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert Azad İsazadə bildirib.

Onun sözlərinə görə, ABŞ-la Çin bundan öncə bir-birini gömrük vergi və rüsumlarını artırmaqla hədələyir və bu yolla bir-birlərinə zərbə vururdular. İndi isə koronavirus ittihamları ortadadır:

“Bu, ümumiyyətlə hər birimizə təsir edəcək. Amma mən inanmıram ki, nəsə tam sübut oluna bilsin. Sadəcə, virusdan siyasi məqsədlər üçün istifadə edirlər. Çünki virusla mübarizə aparmaq istəyən siyasəti kənara qoymalı, bütün dünyanın bu vəziyyətdən çıxması üçün çalışmalıdır. Təəssüf ki, biz bəzi məqamlarda tərsinə olduğunu görürük. Ona görə də məncə, böyük dəyişikliklər olmayacaq, ancaq yenə də hər fürsətdən istifadə edəcəklər ki, siyasətdə öz rəqiblərini zəiflətsinlər”.

Qeyd edək ki, amerikalı publisist, “Çinin yaxınlaşan qürubu” əsərinin müəllifi Qordon Çanq “Fox News” telekanalının efirində COVID-19 virusunun yayılmasına görə Çini günahlandırıb. Belə ki, rəsmi Pekin yeni xəstəlik barədə onun ilkin mərhələsində yalan məlumat yayıb, onun insandan insana keçmədiyini iddia edib, Dünya Səhiyyə Təşkilatını da bu yalanları dəstəkləməyə məcbur edib. Nəticədə on minlərlə insan vəfat edib, dünya iqtisadiyyatına on trilyonlarla dollar ziyan dəyib. Publisist hesab edir ki, ABŞ Çini cəzalandırmaq üçün beynəlxalq koalisiya formalaşdıra bilər. Çini cəzalandırmağın yolları barədə danışan Qordon Çanq qeyd edib ki, Çin dünyada çoxlu likvid aktivlərə sahibdir: “Məsələn, onun trilyon dollardan çox dəyəri olan istiqrazları var. Çinin bu məbləğdə avro, funt, yuan və İsveçrə frankında, ehtimal ki, Kanada dollarında da pulu var. Bu valyutaların emitentləri ilə birlikdə hərəkət etsək, xeyli miqdarda pulu müsadirə edə bilərik”.

Ancaq Azad İsazadə deyir ki, bu, hələlik bir ABŞ vətəndaşının, publisistinin fikridir: “Dövlət səviyyəsində hələ heç bir qərar qəbul olnmayıb. Adətən belə fikir bildirəndə ictimai rəyi, sosial bazanı yoxlayırlar. Sözsüz ki, sabah bu fikrə istinad edərək dövlət də hansısa fikir səsləndirə bilər. Ancaq inanmıram ki, bu məsələ həddən artıq şişirdilsin və real olaraq hansısa addım atılsın. Bununla belə, Çinə qarşı hansısa təzyiqlər olacaq”.

Çinin virusun yayılmasına görə cavab verməli olduğuna dair ABŞ Prezidenti Donald Tramp tərəfindən də oxşar məzmunda fikirlər səsləndirdiyini xatırlatdıqda Azad İsazadə deyib: “Tramp o qədər fikir səsləndirir... Bəzən öz-özünü təkzib edir, bir-birinə zidd sözlər deyir. O, hansısa konkret məqamlarda, necə deyərlər, burada və indi “janrında” populist fikirlər söyləyir. Sabah nə deyəcəyini özü də bilmir. Dünən dediyini isə yaddından çıxarır. Dəfələrlə görmüşük ki, özü-özünü təkzib edib.

Ona görə də Trampın fikirlərinə sözsüz ki, diqqətlə yanaşmalıyıq. Amma konkret addım atandan sonra nəsə demək mümkündür.

Yenə deyirəm, iki böyük ölkə dava aparır. Onlar koronavirisun yayılmasından öncə də dava aparırdılar, virisun yayıldığı dövrdə də aparırlar, virusdan sonra da aparacaqlar”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər