9 Aprel 2020 15:30
3 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə aparmasına baxmayaraq, martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində qondarma seçkilər keçirildi. Qondarma rejimdə keçirilən qondarma prezident və parlament seçkiləri beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edildi və ölkəmizin suverenliyinə, həmçinin ərazi bütövlüyünə dəstək ifadə olundu.

Bunu Teleqraf.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, xüsusi olaraq vurğulanmalıdır ki, əvvəlki "seçkilər"dən fərqli olaraq müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən verilmiş bəyanatların sayı daha da artıb:

“Eyni zamanda bir sıra ölkələrin və beynəlxalq təşkilatların mövqeyi açıq bəyanat formasında ifadə edilib. Qeyd olunan məsələ ilə bağlı bir sıra nüfuzlu dövlətlərin və mötəbər beynəlxalq təşkilatların adlarını qeyd etmək istərdim. Belə ki, “seçkilər”ə dair münasibət Türkiyə, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Kanada, Avstraliya, Qoşulmama Hərəkatı, Türk Şurası, Türk Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı-GUAM, ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, NATO, Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran və digərləri tərəfindən ifadə edilib.

Göründüyü, kimi ölkələrin və təşkilatların coğrafiyası ilə yanaşı, onların siyasi, iqtisadi, diplomatik, sosial, hüquqi və hərbi imkanları da çox genişdir. Siyahıdan məlum olur ki, Türkiyədən tutmuş uzaq Kanada və Avstraliyaya, Türk Şurasından tutmuş NATO-ya qədər dünya ictimaiyyətinin bu məsələyə münasibəti, rəyi yekdildir”.

İlyas Hüseynov qeyd edib ki, dünyanın müxtəlif bölgələrinə güclü təsir imkanı olan dövlətlərin və aparıcı beynəlxalq təşkilatların bəyanatlarında Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər” tanınmır və qeyri-qanuni hesab olunur:

“Belə qənaətə gəlmək olar ki, qondarma “seçkilər”in keçirildiyi konstitusional və hüquqi çərçivə tanınmır və beləliklə, “seçkilər” heç bir hüquqi qüvvəyə malik deyil. Bu baxımdan əminliklə söyləmək olar ki, qondarma “seçkilər”in nəticələri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqlar prosesini və bölgənin statusunu əvvəlcədən müəyyənləşdirmir. Qondarma rejimin və Ermənistan rəhbərliyinin bu seçkilərlə müəyyən divident qazanmaq istəyi də nəticəsiz qaldı. Dünyanın aparıcı dövlətlərüstü təşkilatı hesab olunan Avropa İttifaqı, NATO, Qoşulmama Hərəkatı, ATƏT Parlament Assambleyasının adının bu siyahıda olması Azərbaycanın Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütovlüyünə və suverenliyinə hörmət və dəstək kimi qiymətləndirilir.

Bəyanatlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə dəstək ifadə olunur. Xüsusi olaraq vurğulamaq lazımdır ki, tərkibində Avropa, Asiya, Afrika, Latın Amerikası, Okeaniyadan 120 dövləti birləşdirən və BMT-dən sonra ikinci ən böyük siyasi təsisat sayılan Qoşulmama Hərəkatı kommünike yayıb. Qoşulmama Hərəkatı yuxarıda göstərilən mesajlardan əlavə, ərazilərin güc yolu ilə qəsb edilməsinin yolverilməz olduğunu və Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin heç bir ölkə tərəfindən tanınmayacağını vurğulayıb.

Yayılan bəyanatların əsas qayəsi ondan ibarətdir ki, qondarma rejimdə keçirilən “seçkilər”in konstitusional və hüquqi çərçivəsi tanınmır. Bu ifadə ilə beynəlxalq ictimaiyyətin verdiyi önəmli mesaj ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində keçirilə bilər”.

Həmsöhbətimiz daha bir maraqlı məqamı qeyd edib:

“Aralarında müxtəlif ölkələrdən olan deputatlar da daxil olmaqla, ayrı-ayrı şəxslər tərəfindən verilmiş açıqlamalarda bütün dünyanın hazırda koronavirus pandemiyası ilə üz-üzə qaldığı bir vaxtda “seçkilər”in keçirilməsi həm də məsuliyyətsiz addım kimi dəyərləndirilib. Bu addımla Ermənistan rəhbərliyi və qondarma rejim Dağlıq Qarabağda yaşayan əhalinin sağlamlığını və təhlükəsizliyini düşünmədiyini bir daha əyani şəkildə sübut etmiş oldu. Beynəlxalq ictimaiyyətin qondarma “seçkilər”i rədd etməsi Ermənistan iqtidarı üçün də bir dərs olmalıdır.

Beləliklə, “seçkilər”ə münasibətlə dünya ictimaiyyəti bir daha rəsmi İrəvana “qırmızı kart” göstərərək, işğalın və onun nəticələrinin heç bir zaman qəbul edilməyəcəyi mesajını göndərmiş oldu. Bununla dünya ictimaiyyəti həm də bir daha göstərdi ki, Qarabağ Azərbaycandır. Ermənistan “seçki”, “demokratiya” kimi perspektivsiz şoularını bir tərəfə qoyub səmimi və ciddi şəkildə sülh danışıqlarında iştirak etməlidir. Danışıqlar substantiv xarakter daşımalıdır. Bununla yanaşı, Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Bu münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütovlüyünün tam olaraq bərpa olunması yolu ilə həll oluna bilər”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər