Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı şair Elçin Mirzəbəylidir.
Onunla müsahibəni təqdim edirik:
- İndi yazarlarımız maddi durumdan çox şikayətçidir. Deyənlər var ki, maddi durumun ağırlığı yaradıcılığa stimul vermir, daha yaxşı əsərlər yaratmağa mane olur. Sizin bu haqda fikriniz nədir: ən böhranlı durumun içindən gözəl əsərlərlə çıxmaq mümkündürmü?
- Yazarların maddi durumdan şikayət etmələrini təbii qəbul etmək lazımdır. Bəşər tarixində maddi durumundan şikayət etməyən barmaqla sayılacaq qədər az yazar tapmaq olar. Yaradıcılığa təsir edən amillərə gəldikdə, onların sayı kifayət qədər çoxdur. İstənilən neqativ və yaxud pozitiv yüklü hadisə yaradıcılığa təsir göstərir. Məsələyə mənim subyektiv yanaşmama gəldikdə isə hesab edirəm ki, ədəbiyyat, xüsusilə də bizim ölkəmizdə insanın gündəlik yaşayışını təmin edə biləcək qədər gəlir gətirən sahə deyil. Bu səbəbdən, yazarlarımızın öz yaradıcı potensiallarını paralel olaraq onlara gəlir gətirə biləcək istiqamətlərə sərf etmələrini, konkret peşə, iş sahibi olmalarını məqsədəuyğun hesab edirəm.
“Gözəl əsər” anlayışı isə nisbidir. Məsələn, mənim üçün sosial şəbəkələrdən “çırtıq çalanlar”ı dinləyən oxucunun yaradıcılığıma verdiyi dəyərin heç bir anlamı yoxdur. Əksinə, belələri hər hansı bir şeirimi “gözəl əsər” adlandıranda , o zaman bu məni ciddi şəkildə düşündürməyə başlayır. Və dərhal yaradıcılığıma fasilə verirəm.
Böhranlı durumlarda da, firavan dövrdə də yüksək ədəbiyyat nümunələri yarana bilər. Amma təbii ki, ətrafda cərəyan edən hadisələrin bu ədəbiyyat nümunələrinə təsiri də, oxucuları da fərqli olacaq.
- Niyə insan daha çox qələbə qazananda yox, məğlub olanda izah etməyə ehtiyac duyur?
- Çünki qələbə öz vəziyyətini əldə etdiyi nəticə ilə izah edir, əsaslandırır, əlavə şərhə ehtiyac qalmır. Məğlubiyyətin əsaslandırılması isə insanın öz eqosunu yemləmək üçün istifadə etdiyi təsəlli “fast food”undan başqa bir şey deyil.
- Yazıçı üçün əsas olan nədir: düşüncənin dərinliyi, ya intellekt?
- Yazıçılığın resepti yoxdur, konkret şəxslərə görə keyfiyyətlər və təbii ki, göstəricilər də dəyişir. Mənə görə, hislərin və düşüncənin dərinliyi, intellekt, müşahidə qabiliyyəti və təcrübə...
- Niyə insan daha çox oxuyaraq və səyahət edərək yox, sevərək anlayır? Taqorun sualıdır.
- Taqorun fikirləri subyektivdir. İnsanın ilk növbədə özünü dərk etməsi üçün gərəkli olan amillərin sayı Taqorun əsərlərindəki uzun-uzadı cümlələrdən də çoxdur. Əksinə bəzən sevgi anlamağa daha çox maneə yaradır.
- Son zamanlarda sizi ən çox nə düşündürür?
- Son zamanlar məni ən çox düşündürən ən adi problemlərdir. Ətrafındakı insanların həyat uğrunda mücadiləsini görəndə yüksək materiya haqqında düşünə bilmirsən. Məsələn, qışın şaxtasında köhnə, yırtıq ayaqqabısı ilə məktəbə gedən, corabının cırığı görünməsin deyə məktəb, yaxud tələbə yoldaşının evə dəvətini qəbul edə bilməyən insanın ağrısı məni bütün gurultulu, mübaliğəli, bəh-bəh deyərək əl çaldığımız nəsnələrdən daha çox düşündürür. Yerə enmək lazımdır, yerə! Həyat Yerdədir!