30 Aprel 2020 19:54
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda xüsusi karantin rejiminin yumşaldılması prosesinə start verilib. Aprelin 27-dən etibarən bəzi iş və xidmət sahələrinin fəaliyyəti bərpa olunub. Lakin müşahidələr göstərir ki, əhalidə təhlükənin sovuşduğu əhval-ruhiyyəsi yaranıb.

Küçədə maska və əlcək taxmayan, xüsusi karantin rejiminin qaydalarını pozan vətəndaşlara rast gəlinir. Belə hallar qətiyyən yolverilməzdir.

Bunu Teleqraf.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O qeyd edib ki, xüsusi karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım ola və prosesin ikinci dalğası müşahidə oluna bilər:

“Bunu nəzərə alaraq, koronavirus pandemiyası dövründə həyata keçirilən tədbirlərə ciddi riayət etmək tələb olunur. Vətəndaşlar nəzərə almalıdır ki, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi çox önəmlidir. Bu məqsədlə şəxsi gigiyena qaydalarına daha ciddi riayət olunması ilə bağlı çağırışlar davam etdirilməlidir. Özünütəcrid qaydalarına ciddi riayət etməklə yanaşı, “Evdə qal!” tələbinə də biganəlik nümayiş olunmamalıdır”.

İlyas Hüseynov deyib ki, xüsusi karantin rejiminin yumşaldılması mərhələsində də yaşı 65-dən yuxarı olan vətəndaşların küçəyə çıxmaması əsas tələb olaraq qalmaqda davam etməlidir:

“Xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin mərhələli şəkildə sərtləşdirilməsi sanitar-epidemioloji şəraitdən asılı olduğu kimi mərhələli yumşaldılması prosesi də nəticələrdən asılıdır. Son günlərdə müsbət dinamikanın olması virusun tam olaraq aradan qaldırılması anlamına gəlmir. Nəzərə almaq lazımdır ki, epidemioloji vəziyyət tələb edərsə, yəni xəstəliyin dinamikasında artım olarsa, karantin rejimi yenidən sərtləşdiriləcək, müvafiq məhdudiyyətlər yenidən tətbiq olunacaq. Bu səbəbdən indiki vəziyyətdə hər şey vətəndaşlarımızın məsuliyyətindən asılıdır. Başqa sözlə ifadə etsək, məhdudiyyətlər götürülsə belə, insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları çoxala bilər”.

Həmsöhbətimiz deyib ki, məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, virusa yoluxma sürətinin qarşısını almaq üçün ölkədə kütləvi tədbirlər keçirilməməli, vətəndaşlar əvvəlki dövrdə olduğu kimi 2 metrlik distansiya tələbinə riayət etməlidirlər. “Xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün zəruri tələblərə ciddi şəkildə riayət etmək zəruridir”, – deyə o qeyd edib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər