1 May 2020 13:23
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hesablama Palatasının üzərinə ciddi iş düşür. Narahat olduğum məqam Palatanın ritorikasının və yanaşmasının liberal olmasıdır. Gözləntilər böyükdür, daha dərin araşdırmaların və daha sərt ritorikaların işlənməsinə ehtiyac var. Hesabatda bəzi məqamları sezdim ki, sanki yanlışlıqlar, büdcə şişirtmələri, xərclərə nəzarət olunmaması savadsızlıqla, bacarıqsızlıqla, təcrübəsizliklə bağlıdır. İnanın ki, belə deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deputat Razi Nurullayev deyib.

Razi Nurullayev bildirib ki, satın alanacaq mallar və xidmətlər şişirdilir, mallar yığılıb anbarlarda qalır: “Bu, səmərəliliyi, ehtiyacın həcmini bilməmək deyil, yaxud yanlış hesablama deyil. Nə qədər çox mal və xidmət alırsan, bir o qədər “otkat” gəlir. Bu, birbaşa maliyyənin silinməsi, büdcə talançılığı deməkdir.

Bu məsələnin cinayət məsuliyyəti yaratması barədə yumşalmalar gedir, amma bəlkə də doğru deyil. Tenderlərin keçirilməsi rəsmiyyətdir. İnana bilmərəm ki, bir kimsəsiz şirkət razılaşdırmadan, rüşvət vermədən tender qalibi ola bilər.

Əksər hallarda isə tenderi udan MMC tenderi sifariş edən vəzifəli şəxsin qohumunun, tanışının, oğul və qızının adınadır. Bu, dövlətin pulunu qanunsuz şəkildə mənimsəməkdir. Ölkəmizdə keçirilən tenderlər ikrah hissi yaradır. Mən tender elanları görəndə qıcıqlanıram. Çünki bilirəm ki, qalib çoxdan məlumdur. Hansısa şirkətlər də aldanıb tender prosedurlarına görə pul köçürür və ziyana düşür. Bilirsiniz bu, nəyə bənzəyir? Televiziya və radiolarda viktorina keçirilir. Sual verirlər ki, Azərbaycanın paytaxtı haradır? Bir saat da vaxt verirlər, ya da deyirlər ki, sabaha kimi cavablarınızı SMS-lə göndərin. Qəsdən bağça səviyyəsində asan sual verirlər.

Minlərlə insan tora düşür. Bir nəfər əlli manatlıq mükafat alır, veriliş sahibi böyük məbləğ qazanır. Ölkə vətəndaşları ilə bağça səviyyəsində məzələnmək istəyənlər böyük səhvə yol verir və özlərinə quyu qazırlar”.


Müəllif: Cavad

Oxşar xəbərlər