2018-ci ildən dərinləşən islahatlar hüquq-məhkəmə sistemini də əhatə etdi. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra insanların öz haqlarını müdafiə etməsi üçün məhkəmə son instansiyadır. Yeni təyinat olunan hakimlərin bir çoxu ilə tanışam, bəziləri ilə birlikdə oxumuşuq. Bu məsələ hesab edirəm ki, məhkəmə sisteminin inkişafında öz rolunu oynayacaq.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Reqional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Ali Məhkəməyə hakimlərinin təyin edilməsi haqqında məsələ ətrafında danışarkən deyib.
Siyavuş Novruzov bildirib ki, hakimlərin sayı yenə də artırılmalıdır:
“Ölkədə boşananlar evlənənlərin 30 faizini təşkil edir. Bir hakim bir gündə 10 boşanma işinə baxır. Digər tərəfdən mülkiyyət hüququ məsələsində də problemlər var. İndi məlum olur ki, bəzi icra başçıları rayonlarda insanların əmlakını əlindən alır. Artıq Prezident tapşırıq verib və bu məsələ araşdırılır. Amma zamanında bu məsələlər məhkəmələrdə həllini tapsaydı, Prezidentə qədər gəlib çıxmazdı. Ona görə də hesab edirəm ki, bu məsələlərdə ədalətli qərarın əhəmiyyəti çox böyükdür”.
Komitə sədri əlavə edib ki, Avropa Məhkəməsi ağına bozuna baxmadan kim yazır ki, filan partiyanın üzvüyəm onunla bağlı Azərbaycan əleyhinə qərar verir:
“Amma Azərbaycanın hüquqlarını pozan Ermənistanla bağlı heç bir qərar qəbul olunmur. Azərbaycandan bir nəfər yazanda ki, Əli Kərimlinin qohumuyam, heç qələmin müərrəkəbi qurumamış Avropa Məhkəməsi qərar qəbul edir. Amma məhkəmə qərarları normal olsa, onların da deməyə sözü olmaz”.