İnsanlar əsrlər boyunca ümummilli lider Heydər Əliyevin xatirəsini qoruyub saxlayacaq.
Bunu Trend-ə rusiyalı teatr və kino rejissoru, teleaparıcı, aktyor, ictimai-siyasi xadim, Bakıda dünyaya gəlmiş Yuli Qusman deyib.
O bildirib ki, insanlar haqqında xatirə abidələrdə, kitablarda, filmlərdə, şəkillərdə, xatirələrdə qalır:
"Amma böyük insanlar haqqında ən güclü xatirə nəsildən nəslə, insandan insana ötürülən xatirələrdir. Bu, ən ali və ən əsas yaddaşdır. Heydər Əliyevi əbədi olaraq xatırlayıb anacaqlar. Təkcə ona görə yox ki, o böyük dövlət xadimidir, Azərbaycan, eləcə də bütün Sovet İttifaqı üçün çox işlər görüb, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri sayəsində Azərbaycan bu gün ahənglik və xoşbəxtlik dünyasına çevrilib. Mən bir çox müasirlərim, dostlarım, mədəniyyət xadimləri kimi özümü, necə deyərlər, Heydər Əliyev yuvasının övladlarına aid edirəm".
Y.Qusman qeyd edib ki, Heydər Əliyev təkcə iqtisadiyyata, sənayeyə, neft sektoruna böyük təsir göstərməyib, o həm də öz ölkəsinin mədəniyyəti və incəsənətini sevən, anlayan, qiymətləndirən və kömək edən insan kimi vacib rol oynayıb:
"Azərbaycanda qədim zamanlardan xalçaçılıq nümunələri qorunub, gözəl aşıq nəğmələri ifa olunur, əsrlərdən bəri şairlərin şeirləri xatırlanır. Amma iyirminci əsrdə ölkənin birinci katibi, daha sonra prezidenti olan Heydər Əliyev incəsənətin inkişafına elə bir təkan verdi ki, bu gün biz ölkəmizin yazıçı, rəssam, memar, musiqiçi, şairləri ilə tam qürur duya bilərik. Mən Heydər Əliyevlə bütün görüşləri gözəl xatırlayıram. O, dərin və ciddi siyasi xadim, çox təcrübəli rəhbər və həqiqətən də xalqın lideri idi. O, həm də incəsənət xadimlərinə qarşı həssas, diqqətli və qayğıkeş ola bilirdi".
O əlavə edib ki, bu cür böyük insanla bağlı çoxlu sayda maraqlı əhvalat danışmaq olar:
"Bu böyük insanın həyat və fəaliyyətinin çoxlu sayda maddi xatirəsi qalıb. Onların arasında taleyüklü sənədlər, kiçik qeydlər, nadir fotoşəkilləri qeyd etmək olar ki, böyük əksəriyyəti Heydər Əliyev Mərkəzində saxlanılır. Mən heç vaxt təkrarlamaqdan yorulmayacağam: ən əsası öz qəlblərində böyük insan, böyük vətəndaş, böyük milli lider haqqında xatirələri yaşadan və uzun əsrlər boyunca, əbədi olaraq nəsildən nəslə ötürən xalqın və insanların yaddaşıdır".