Prezident İlham Əliyev Rusiyanın həm TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində, həm də nüfuzlu “Natsionalnaya oborona” (“Milli müdafiə”) jurnalının may buraxılışında dərc olunan müsahibəsində İkinci Dünya müharibəsi zamanı Vermaxtla əməkdaşlıq edən “Njde” ləqəbli Qaregin Ter-Arutyunyanın timsalında Ermənistanda faşizm canilərinin qəhrəmanlaşdırılması məsələsini gündəmə gətirməsi işğalçı ölkəni çətin duruma salıb. Əminliklə demək olar ki, dövlət başçısı rezonans doğuran bu müsahibələri ilə hücum diplomatiyasında yeni səhifə açdı.
Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev deyib.
O qeyd edib ki, dövlət başçısı bu müsahibələrlə 2019-cu ilin oktyabrın 11-də Aşqabad şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının sammitində başlatdığı Ermənistanda nasizmin qəhrəmanlaşdırılması, neonasizmin mövcud olması siyasətinin ifşasını qəti olaraq dünya rəyinə çevirdi:
“Budəfəki zərbənin təsiri o qədər ağır oldu ki, Ermənistan XİN-i Azərbaycan Prezidentinin müsahibəsi ilə bağlı ayrıca bəyanatla çıxış etdi, ancaq yalan və tutarsız arqumentlərlə”.
Aydın Quliyev Ermənistan XİN-in bəyanatından seçmələri diqqətə çatdırıb və onlara əks-arqumentlərlə cavab verib:
“Bəyanatda deyilir ki, qələbənin 75 illiyi dünyanın şərlə mübarizəsində xalqların birliyinə qiymət vermək üçün yaxşı fürsətdir. Şübhəsiz ki, dünya xalqları bu qeyri-səmimi mülahizəyə güləcək. Çünki Ermənistan heç vaxt dünyada xalqları birləşdirən hər hansı addım atmayıb. Qeyd olunur ki, Azərbaycan Prezidenti qələbənin 75 illiyindən aqressiv anti-erməni təbliğatı üçün istifadə etdi. Məgər, olmuş dəqiq faktı açmaq hansı əsasla sui-istifadə sayıla bilər? Bildirilir ki, erməni xalqının İkinci Dünya müharibəsinə töhfələri dünya tarixinə qızıl hərflərlə yazılıb. Bizim anti-tezisimiz bundan ibarətdir ki, eyni vaxtda həm Sovet İttifaqının Qızıl Ordusuna, həm də Hitler Almaniyası silahlı qüvvələri – Vermaxta əsgər vermək qızıl hərflərlə yazılmış səhifə ola bilərmi? Eyni vaxta həm Qızıl Orduya, həm də Vermaxta əsgər vermək ancaq xəyanət əlaməti idi. Ermənilərin Böyük Vətən müharibəsinin kəşfiyyatındakı fəaliyyəti də “bətndə bic uşaq gəzdirməyə” bənzəyir. Belə ki, 1943-cü ildə Tehranda keçirilən sülh konfransında SS diversantı Otto Skorçeninin Stalin, Ruzvelt və Çörçillə hazırladığı sui-qəsdin ifşa edilməsini 19 yaşlı Gevork Vartanyan adlı guya əfsanəvi erməni sovet kəşfiyyatçısının adına yazmaq cəhdləri çoxdan ifşa olunub və sübut edilib ki, bu işdə əslən Bakıdan olan və son illərdə Bakıda vəfat etmiş azərbaycanlı kəşfiyyatçı əsas rollardan birini oynayıb. Bundan başqa Ermənistan XİN-in bəyanatında bildirilir ki, Ermənistanda Böyük Vətən müharibəsinə aid 600-dən çox abidə var və qorunur. Əcəb qorunur. Bir tərəfdə Sovet İttifaqı Qəhrəmanı Aşot Əsriyanın, o biri tərəfdə nasist "Njde"nin və “Dro” ləqəbli nasist Drastamat Kanoyanın heykəlinin hansı məntiqlə qoyulduğunu ancaq erməni xislətinin daşıyıcıları başa düşə bilərlər”.
Politoloq qeyd edib ki, Ermənistan SSR-də pasport qeydiyyatlı azı 200 min etnik azərbaycanlı Böyük Vətən müharibəsinə yollandığı və həlak olduğu halda onların heç birinin xatirəsi sovet Ermənistanında əbədiləşdirilməyib. Heç birinə Sovet İttifaqı Qəhrəmanı adı almağa imkan verilməyib:
“Ermənistanda bütün bu reallıqları unutdurmaq istəyirlər. Prezident İlham Əliyevin son bir neçə gün ərzində Rusiyanın iki aparıcı kütləvi informasiya vasitəsində faşist əlaltıları “Njde” və “Dro” barədə dediyi dəqiq faktlardakı Ermənistan XİN-ni sarsıdan mahiyyət də budur”.
Qeyd edək ki, “Natsionalnaya oborona” (“Milli müdafiə”) jurnalı Rusiyada və beynəlxalq səviyyədə rəsmi dövlət qurumları, diplomatlar, siyasi, hərbi ekspertlər, tədqiqatçılar və digər mütəxəssislərdən ibarət geniş auditoriyaya malikdir.