Bu ilin 3 aprel tarixində başlayan, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda elan olunmuş “Könüllülər ili” çərçivəsində və hazırda ölkəmizdə tətbiq olunan karantin dövründə gənclərin vaxtlarını səmərəli keçirməsi məqsədilə Xarici İşlər Nazirliyi tərəfindən bu qurumun nəzdində fəaliyyət göstərən “Diplomatiya könüllüləri” üçün təşkil olunan “Evdə qal mühazirədən qalma” adlı onlayn görüşlər yekunlaşıb.
XİN-dən Teleqraf.com-a verilən məlumata görə, ötən həftə ərzində Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayevin könüllülərlə videokonfransları baş tutub və mühazirəçilər könüllüləri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.
Habelə XİN, ADA Universiteti və Azərbaycanın İsveçrədəki səfirliyinin birgə təşkilatçılığı ilə ADA Universiteti tələbələri və “Diplomatiya könüllüləri” üçün Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Dünya İqtisadi Forumunun Avrasiya bölümünün rəhbəri Anastasiya Kalinina və Cenevrə Universitetinin Qlobal Ətraf Mühit Siyasəti Proqramının direktoru Babak Hedzaji ilə görüş baş tutub.
Görüşlərdə Azərbaycanda dövlət başçısı tərəfindən təşviq olunan könüllülər hərəkatının əhəmiyyətindən və Azərbaycanın xarici siyasətinin prioritetlərindən danışılıb, səfirlər tərəfindən akkreditə olunduqları ölkə və ya təşkilatla Azərbaycan arasındakı münasibətlərin geniş əməkdaşlıq gündəliyi barədə məlumat verilib.
Mayın 8-də Milli Məclisin deputatı, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının sədri Tural Gəncəliyevlə Şuşa şəhərinin işğalının 28-ci ildönümünə həsr olunmuş görüş baş tutub.
9 may – Faşizm üzərində Qələbə Günündə Bakı Media Mərkəzinin əməkdaşı Müsəllim Həsənov ilə görüş keçirilib və Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi “Hədəf Bakıdır: Hitler neft uğrunda döyüşü necə uduzdu” filmi haqqında könüllülərlə müzakirə aparılıb və daha sonra film onlayn şəkildə “Diplomatiya könüllüləri” tərəfindən izlənilib.
Mayın 10-da “Diplomatiya könüllüləri” üçün ümumilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Polşadakı səfir Həsən Həsənovls görüş təşkil olunub. Görüş zamanı Həsən Həsənov ulu öndərin müdrik daxili, xarici və gənclər siyasəti haqqında geniş bəhs edib, ulu öndərlə xatirələrini bölüşüb.
Mayın 11-də keçirilən layihənin sonuncu günündə “Diplomatiya könüllüləri” bu müddət ərzində mühazirələr zamanı əldə etdikləri bilgilər, keçirilmiş görüşlərin faydaları haqqında müzakirə aparıblar. Belə bir çətin müddətdə, karantin dövründə bu layihənin gənclər üçün həyata keçirilməsinin olduqca səmərəli olduğunu qeyd ediblər.