21 May 2020 16:37
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazıra Ukraynada çətinliklər davam edir, bu ölkənin ərazisinin xeyli hissəsi işğal altındadır, Moskva ona problemlər yaradır. Son bir il müddətində Donbasda münaqişənin həlli ilə bağlı hər hansı bir irəliləyiş də müşahidə edilməyib.

Bu fikirləri Teleqraf.com-a deputat Asim Mollazadə Ukrayna Preidenti Vladimir Zelenskinin hakimiyyətə gəlməsinin bir illiyi və bu müddətdə görülən işləri şərh edərkən deyib.

Deputat əlavə edib ki, Ukrayna Avropa və NATO istiqamətində əməkdaşlığı davam etdirir:

“Ancaq nə Avropa Birliyi, nə də NATO-ya üzvlük məsələsinə dair Ukraynanın ciddi perspektivləri görünmür. Zənnimcə, Zelenskinin qarşısında bu saat ən böyük problem yerli oliqarxlar və korrupsiyanın qarşısını alaraq, ölkə iqtisadiyyatını inkişf etdirmək üçün zəruri addımlar atmasıdır. Bu istiqamətdə də prezidentə qarşı ciddi müqavimət var. Demək olar ki, yerlərdə zəruri islahatları həyata keçirmək üçün münbit şərait yoxdur”.

Asim Mollazadə bildirib ki, son bir il ərzində Ukraynada vəziyyət ciddi şəkildə dəyişməyib. Onun sözlərinə görə, bu hal Ukrayna əhalisində bir il əvvəl mövcud olmuş ümidləri azaldıb və Zelenskinin nüfuzuna istər-istəməz təsir edib: “Hesab edirəm ki, Ukrayna dövlətçiliyi qarşıdan gələn yeni problemlərin qarşısını almaq, onu qabaqlamaq üçün islahatları sürətləndirməlidir. Əks təqdirdə problemlər daha da dərinləşəcək”.

Asim Mollazadə hesab edir ki, Petro Poroşenko ilə Vladimir Zelenskinin hakimiyyətləri arasında ciddi fərqin görünməsi üçün Ukraynada ciddi və təxirəsalınmaz islahatlar başlanmalıdır: “Ancaq təəssüflər olsun ki, bu islahatlar nəzərə çarpmır”.


Müəllif: Cavad