“Ermənistan tərəfi bir şeyi düzgün dərk etməlidir ki, Dağlıq Qarabağ danışıqları prosesinin əsas məqsədi, münaqişənin nəticələrinin aradan qaldırılmasıdır. Nəticələrin aradan qaldırılması da odur ki, Laçın daxil olmaqla, Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalına son qoyulmalıdır”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan Televiziyasının (AzTV) “Koronavirus İnfo” verilişində deyib.
XİN rəsmisi bildirib ki, ərazilərimizdən işğalçı qüvvələr çıxarılmalı, həmin ərazilərdən didərgin salınmış insanlarımızın hüquqları bərpa olunmalı, onlar öz evlərinə geri qayıtmalıdırlar:
“Danışıqların məqsədi budur və Ermənistanın danışıqlarda iştirakı bununla xarakterizə olunur. Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü heç zaman müzakirə obyekti olmayıb və ola da bilməz. Bu, dövlət başçımız tərəfindən dəfələrlə və ən yüksək səviyyəli beynəlxalq platformalarda səsləndirilib. Ermənistan bunu nə qədər tez dərk edərsə, bir o qədər münaqişənin həllində irəliləyiş əldə edə bilərik. Azərbaycan da, beynəlxalq ictimaiyyət də, Ermənistanın saxtakarlıqlarla, yalanlarla danışıqlar prosesini uzatmasına icazə verməyəcək”.