Vaxtilə, xaricdə oturub Azərbaycan əleyhinə iş aparanlarla bağlı fikirlərimizi səsləndirəndə səs-küy yaradır, söz azadlığının pozulması məsələsini gündəmə gətirirdilər. Əslində, Azərbaycanda silahlı üsyana çağırış edənlər, terrozimə dəstək verənlər, dövlət və hökumət nümayəndələrinə qarşı sui-qəsd təşkil etməsini tərifləyənlər, ona rəvac verənlər, o cür insanları qəhrəman hesab edənlər terrorizmin, dini ekstremizmin birbaşa çağırışçıları idi.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə çıxış edərkən deyib.
O, əlavə edib ki, bu kimi fəaliyyətlər bütün beynəlxalq hüquq normalarında cinayət hesab olunur:
“Çox təəssüf ki, ölkəmiz bu məsələləri gündəmə gətirəndə, başladılar ki, Azərbaycanda söz, mətbuat azadlığı yoxdur, insanların hüquqları pozulur. 20 ildən çoxdur ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman ərazi bütövlüyünün önəmi ilə bağlı məsələ qaldırıblar. Lakin İspaniyada hadisələr baş verənə qədər heç kim ərazi bütövlüyü məsələsinə reaksiya vermirdi. Ondan sonra yada düşdü ki, ərazi bütövlüyü əsas şərtdir. Biz, 3 il bundan qabaq məsələ qaldıranda ki internetdən anonim şəkildə istifadə öz həllini tapmalıdır, şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməklə istənilən məsələ haqqında fikir və tənqidləri söyləmək mümkündür, o zaman internetin sıxışdırılması ilə bağlı fikirlər irəli sürməyə başladılar. “Freedoom House”, SOROS və digərləri hanı? Trampa qarşı niyə söz deyə bilmirlər? ABŞ çörəyi yeyən Cəmil Həsənli, Arif Yunus, Sevinc Osmanqızı haradadır? Əgər, Azərbaycanda internetlə bağlı hər hansı məsələ olsa idi, indi səsləri Avropa Şurasından gəlirdi”.