Dünyada silah istehsalı yenilənir və bu silahlar müasir texnologiyanı özündə ehtiva edir. Həm də nəzərə almaq lazımdır ki, yaxşı silahlar əksər hallarda real döyüşlərdə yoxlanılmır. Türkiyənin son model silahları isə Suriya və Liviya döyüşlərində yoxlanılıb, yüksək nəticə göstərib.
Bu sözləri Teleqraf.com-a hərb ekspert Azad İsazadə Azərbaycanın Türkiyədən Pilotsuz Uçuş Aparatları, dronlar, “Altay” markalı tank və “Atak” model helikopterlər almasını şərh edərkən deyib.
Mütəxəssis xatırladıb ki, Türkiyə silahları ilə bərabər Rusiya da təzə silahlarını Suriyada təcrübədən keçirib, amma bu silahların müəyyən qismi keyfiyyətsiz çıxıb: “Türkiyə isə silahlarını yoxladı və onlar dəqiqliklə hədəfi məhv etdi. Yəni keyfiyyətli çıxdı. Sözsüz ki, Azərbaycan ordusunun bu silahlarla gücləndirilməsi olduqca əhəmiyyətlidir”.
Bununla belə müsahibimiz qeyd edib ki, söhbət silah almaqla yanaşı onun istifadəsindən gedir: “Türk ordusu Suriyada bir-birini tamamlayan sistem qurmuşdu. Yəni hava və quru silahlar bir-birinə informasiya ötürür və hədəfləri vururdular. Silahdan düzgün taktiki istifadəni də götürsək hesab edin ki, irəliyə daha bir addım atmış olarıq. Ümid edirəm ki, bunu da götürə biləcəyik”.
Azərbaycan ordusunun arsenalına belə silahların daxil olmasını əhəmiyyətli hadisə sayan Azad İsazadə xatırladıb ki, Pilotsuz Uçuş Aparatları 2016-cı ilin aprel savaşında özünü yaxşı mənada göstərib, üzərinə düşən missiyanı həyata keçirib: “Türkiyədən alınacaq bu model silahlar isə daha yeni nəsil hesab olunur”.