ABŞ Prezidenti Donald Trampın “Amerika amerikalılar üçün” şüarı altında həyata keçirdiyi siyasət Qərb dünyasının təhlükəsizlik çətirini dağıdır. Paris Sülh Müqaviləsindən çıxan Tramp daha sonra Latın Amerikası dövlətləri ilə mövcud olan müqavilələrə etimadsızlıq göstərdi. Tramp administrasiyasının “xeyir-duası” ilə Böyük Britaniya Avropa Birliyini tərk etdi, bu quruma ciddi zərbə vuruldu. BMT ilə bağlı ABŞ administrasiyasının tənqidləri bu gün də aktuallığını qoruyur. Trampın bu siyasəti hazırda NATO-nun bir qurum kimi qalıb-qalmaması məsələsini gündəmə gətirib. ABŞ-ın özündə belə aparıcı mərkəzlər hesab edirlər ki, Tramp ikinci dəfə prezident seçilsə, bu, faktiki olaraq Avropa Birliyi və NATO-nun dağılmasına vəsilə olacaq. Yeri gəlmişkən, qeyd edək ki, artıq Tramp hökumətinin qərarı ilə ABŞ-ın Almaniyadakı 36 minlik hərbi personalının 11 mininin çıxarılması haqda təlimat verilib. Prezident Tramp bu addımı Almaniyanın NATO-ya lazımi səviyyədə pul ödəməməsi, milyardlarla borcu olması ilə əlaqələndirir. Baxmayaraq ki, sonuncu razılaşmaya əsasən, NATO üzvləri 2024-cü ildə ümumdaxili məhsullarının 2-4 faizi həcmində üzvülük haqqı ödəməyə razılaşıblar.
Bu mövzunu Teleqraf.com-a şərh edən politoloq Fikrət Sadıqov xatırladıb ki, Tramp hakimiyyətə gəlməzdən əvvəl seçki kampaniyası dövründə bu məsələlərlə bağlı fikrini bildirib.
Onun sözlərinə görə, Tramp hələ 4 il əvvəl açıq elan etmişdi ki, bəzi ölkələrdə ABŞ qoşunları uzun illər ərzində dayanıblar və bu, ölkə büdcəsinə böyük zərbələr vurub:
“Tramp açıq deyirdi ki, bununla bağlı ağıllı qərar verilməlidir. İndi Almaniyadan AB ordusunun müəyyən hissəsinin çıxarılması həmin siyasətin davamdır. Əslində bir çox ölkələrdə, xüsusilə, Avropada, Asiyada və Yaxın Şərqdə ABŞ bazaları var. Almaniyada ABŞ bazası II Dünya Müharibəsindən sonra yaranıb. Bu müharibənin üzərindən 75 il keçib. Sözsüz ki, bu müddətdə dünya, geosiyasi atmosfer dəyişilib. O zaman bu ordu Avropanı SSRİ-dən qoruyurdu. İndi Rusiya elə güclü dövlət deyil ki, Almaniya ondan qorunsun. Həm də NATO çərçivəsində istənilən üzv dövlət özünü müdafiə edə bilər. Yəni fors-major situasiyalarda müttəfiq dövlətlər hücuma məruz qalan üzv dövlətə hərbi dəstək verə bilər. Bu mənada Trampın addımında məntiq var”.
Siyasi şərhçi əlavə edib ki, burada qorxulu tendensiya odur ki, Tramp NATO-nun mövcudluğunda müəyyən ziddiyyətlər görür:
“Tramp hesab edir ki, bir çox beynəlxalq quruma, hərbi-siyasi təşkilata ABŞ müəyyən edilmiş miqdardan artıq maliyyə ayırır. Hesab edir ki, bu, kimə daha çox lazımdırsa, həmin ölkə büdcəsindən daha çox pul ayırmalıdır. Trampın BMT və digər strukturlarla bağlı da belə çıxışları olub. Sözsüz ki, NATO dağılmayacaq. Amma ABŞ buna oxşar addımlar atsa, NATO-nu zəiflədəcək. Çünki ABŞ NATO-nun ən aparıcı dövlətidir. Bu mənada ABŞ-ın indiki siyasəti davam etsə, NATO sıradan çıxmasa da, zəifləyəcək”.